Manaf Ağayevlə Bakı Sağlamlıq Mərkəzi arasında QALMAQAL: “Nə danışmışamsa, onu demişəm…”

Manaf Ağayevlə Bakı Sağlamlıq Mərkəzi arasında QALMAQAL: "Nə danışmışamsa, onu demişəm..."

Aktrisa Çimnaz Sultanovanın dəfn mərasimində müğənni Manaf Ağayevin səsləndirdiyi cümlə gündəm olub. Bəzi sosial media səhifələri sənətçinin jurnalistlərə açıqlamasında “rəhmətə getdiyi haqqında mənə deməyib” cümləsini rişxənd mövzusuna çeviriblər.

Globalinfo.az xəbər verir ki, Manaf Ağayev Oxu.Az-a açıqlamasında sözügedən cümləni yanlışlıqla, həyəcandan dilə gətirdiyini bildirib:

“Yəni demək istəyirdim ki, o, ölüm barədə düşünmürdü, dedi ki, səhhəti yaxşıdır. Bəzi adamların səhhəti pisləşəndə ağlayırlar, deyirlər, “ölürəm”. Amma Çimnaz dedi ki, yaxşıdır”.

“Mən həkim adı çəkməmişəm, heç bilmirdim hansı xəstəxanada əməliyyat olub. Sadəcə, bir nəfər mənə zəng edib məclisə çağırmaq üçün Çimnaz xanımı axtarırdı. Təxminən 1 həftə öncədən söhbət gedir. Nömrəsini istəyəndə dedim, yox, özü ilə danışım, sonra verim. Onunla danışana qədər xəstəliyindən xəbərsiz idim. Zəng edəndə mənə dedi ki, xəstəxanada idi, amma indi çıxıb, şükür, yaxşıdır, xahiş etdi ki, heç kim bilməsin. Xəstəliyinin nə olduğunu soruşdum, atası da yanında idi, çünki bu gün mənə yaxınlaşdı, dedi ki, siz zəng edəndə onun yanında olub. Çimnaz həmin zəngdə mənə dedi ki, həkimlər onun başına oyun açdılar, 2 dəfə əməliyyat olduğunu bildirdi, amma şükür Allaha, düzəldiyini, yaxşıya doğru getdiyini dedi. Mən isə nə əməliyyatı olduğunu soruşmadım, bugünkü günə qədər bilmirdim.

Mənim heç bir xəstəxana və ya həkimlə qərəzim yoxdur. Sadəcə, nə danışmışamsa, onu da demişəm”, – müğənni deyib.

Qeyd edək ki, 45 yaşlı aktrisa 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.

 

 

 

***

“Hər hansı bir həkim ixtisası olmayan musiqiçiyə “həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib” ifadəsi yaraşmaz”.

Bu fikirləri Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova Oxu.Az-a açıqlamasında müğənni Manaf Ağayevin Çimnaz Sultanova barədə jurnalistlərə müsahibəsinə münasibət bildirərkən deyib.

O, müğənninin “həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib” ifadəsini işlətməsinin səhv olduğunu vurğulayıb. Şöbə müdiri Manaf Ağayevin Çimnaz Sultanova barədə yanlış məlumatlar yaydığını qeyd edib:

“Manaf Ağayev elə ifadələr işlədir ki, sanki hadisə həkimin səhvinə görə olub. O, “Çimnaz xanımla danışdım, vəziyyəti yaxşı deyildi və bu barədə məlumat verməməyi xahiş etdi. Lakin rəhmətə getdiyi barədə mənə məlumat verməyib” deyə qeyd edib. Bu ifadə də yanlışdır, çünki sağ adam rəhmətə getməyi barədə məlumat verə bilməz”.

G.Kazımova əlavə edib ki, bütün bunlar onu deməyə əsas verir ki, Manaf Ağayevin danışdıqları səhvdir və sadəcə reportaj xətrinə yanlış məlumatlar verib.