“Fransa Prezidenti Emmanuel Makronun yaxın zamanda Azərbaycana işi düşəcək. Fransa elektrikə olan tələbatının 80 faizini atom elektrik stansiyalarından əldə edir. Atom elektrik stansiyalarının çalışması üçün daim urana ehtiyac var. Fransa uranı Afrika ölkələrindən, əsasən də Nigerdən əldə edirdi. Ancaq Nigerdə çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr Fransaya uran satmaqdan imtina ediblər. Bu vəziyyətdə Paris Nigeri urana malik bir başqa dövlətlə əvəz etmək məcburiyyətində qalıb”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Emmanuel Makron məhz buna görə noyabrın 1-də Qazaxıstana səfərə gedəcək:
“Qazaxıstan kifayət qədər uran ehiyatlarına malikdir. Dünya uran ehtiyatının 40 faizi Qazaxıstandadır. Astananın Fransaya uran satmağa hazır olması işin yarısıdır. Uran təhlükəsizlik səbəblərindən hava yolu ilə daşınmır, quru və dəniz yolundan istifadəyə üstünlük verilir.
Qazaxıstan uranının Fransaya quru yolla daşınması üçün iki – Rusiya və Azərbaycan marşrutu var. Ukrayna müharibəsinə görə Fransanın Rusiya ilə münasibətləri gərgindir. Bu səbəbdən Qazaxıstan uranının Rusiya üzərindən Fransaya çatdırılması problematikdir. Emmanuel Makron hakimiyyətə gəldiyi gündən bu yana Azərbaycan əleyhinə siyasət yürüdüb. Bu səbəbdən Qazaxıstan uranının Azərbaycan üzərindən Fransaya daşınması da mümkün görünmür. Makron bu vəziyyətdə “Rusiya, yoxsa Azərbaycan” sualı ilə üz-üzə qalıb. Əgər Makron Azərbaycan əleyhinə siyasətdən imtina edərsə və ölkəmizlə keçmişdə olan normal əlaqələri bərpası qərarı verərsə, Qazaxıstan uranının Azərbaycan üzərindən daşınması ehtimalı arta bilər. Ancaq bunun üçün Makron Cənubi Qafqaz siyasətini köklü sürətdə korrektə etməlidir”.
Turan Rzayev
Globalinfo.az














