Son zamanlarda Fransa Prezidenti Emmanuel Makronla bağlı skandallar səngimək bilmir. Həyat yoldaşı Bricit Makronla kameralara yansıyan gərgin görüntülərinin ardından bu dəfə də ölkə daxilində siyasi qarşıdurmalar müşahidə olunur.
Makron vəzifəsini itirməmək üçün Parisdə ciddi proses başladıb. Əvvəlcə seçkilərdən sonra formalaşdırılan yeni hökumət komandasında anlaşmazlıqlar yaşandı, baş nazir, xarici işlər naziri və digər vacib vəzifələrə təyin olunan şəxslərin istefası müşahidə olundu. Daha sonra mart ayında ölkə müxalifətinin ən güclü simalarından olan Marin Le Pen müxtəlif ittihamlarla həbs edildi və onun növbəti prezident seçkilərində namizədliyini irəli sürməsi qadağan olundu.
Bir neçə gün öncə isə Makronu tez-tez sərt tənqid etməsi ilə bilinən fransız deputat, müxalifət nümayəndəsi Olivye Marlen evində ölü tapılıb. Onun intihar etdiyi bildirilsə də, müəmmalı ölümün arxasında Fransa prezidentinin olduğu iddia edilir. Ekspertlərin fikrincə, o, bu yolla rəqiblərini bir-bir sıradan çıxarır.
Beynəlxalq siyasi arenada Fransada baş verən hadisələr Rusiyanın daxili siyasəti ilə müqayisə edilir. Belə ki, Kremldə də müxalifət qüvvələrinə qarşı kəskin münasibətin olduğu vurğulanır.
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Makron ətrafında qalmaqallar səngimir, indi isə müxalifət nümayəndələrinin müəmmalı ölümü diqqət çəkir:
“Burada bütün izlər Makronu göstərir. Maraqlıdır ki, Fransa prezidenti bu ittihamları inkar etmir. Hətta ümumiyyətlə, heç bir açıqlama vermir və nəticədə şübhələr daha da real görünür.

Elxan Şahinoğlu
Fransada bu kimi halların baş verməsi ilk deyil. Yəni siyasətdə sifarişli qətllər əvvəllər də olub. Çox zaman bu cinayətlərin üstü açılmayıb. Makronun da sələflərindən geri qalacağını düşünmürəm. Böyük ehtimalla o da siyasi cinayətlərin üstünü örtəcək. Bunun üçün isə əlindəki səlahiyyətlərdən açıq şəkildə istifadə etməkdən çəkinməyəcək.
Hazırda Fransa mətbuatının bu məsələyə geniş yer verməsi gözlənilən deyil. Amma o vaxt ki, Makron prezident səlahiyyətlərini başa vuracaq, bu məsələ mediada daha açıq şəkildə gündəmə gətiriləcək. Beləliklə, yeni Fransa prezidenti məsələdən siyasi alət kimi istifadə edəcək.”
Turan Rzayev
Globalinfo.az














