Makrondan sonra o da türk ölkəsinə gəlir – Daha bir regionda Rusiyaya savaş elan edilir

Makrondan sonra o da türk ölkəsinə gəlir – Daha bir regionda Rusiyaya savaş elan edilir

Almaniya kansleri Olaf Şolts Qazaxıstana səfər edəcək. Rəsmi Berlin Qazaxıstan-Almaniya münasibətlərini yeni səviyyəyə qaldırmaqda maraqlı olduğunu açıqlayıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron da ötən ilin sonlarına yaxın Özbəkistan və Qazaxıstana səfər etmişdi. Həmin vaxt Makronun bu ölkələrdən uran və başqa strateji məhsullar aldığı deyilirdi.

Almaniya kansleri Olaf Şoltsun Qazaxıstana gözlənilən səfəri nə ilə bağlı ola bilər? Avropa ölkələrinin Mərkəzi Asiya respublikalarına yaxınlaşması Rusiya ilə Qərbi indi də bu bölgədə toqquşduracaq?

Globalinfo.az-a danışan politoloq Şəbnəm Həsənova deyib ki, Avropa İttifaqı ölkələrinin, bütövlükdə Qərbin Mərkəzi Asiyaya marağı həm artıb, həm də aktuallaşıb:

“Rusiya-Ukrayna savaşının gətirdiyi kəskin rəqabət Çin və Aİ kimi qlobal gücləri Mərkəzi Asiyada daha böyük rol axtarmağa vadar edib. Çoxu regionun Rusiya ilə uzunmüddətli əlaqələrini şübhə altına almağa da başlayıb. Bir tərəfdən Çin prezidenti, Rusiya lideri, digər yandan isə ABŞ, Aİ, Mərkəzi Asiya dövlətləri ilə müxtəlif istiqamətlərə doğru cəhdlər edir, əlaqələri sağlamlaşdırmağa, konkret məsələlər üzrə isə qarantiya altına almağa çalışırlar.

Makrondan sonra o da türk ölkəsinə gəlir – Daha bir regionda Rusiyaya savaş elan edilir

E.Makronun ötən il Orta Asiyaya səfərindən fotolar

Birinci məqsəd odur ki, ən kritik məqamda əsas məsələlərdə gözlənilməz anda, gözlənilməz zərbələr almasınlar. Bundan heç də geri qalmayan məqsəd iqtisadi gəlirlərdir. Ukrayna müharibəsi başlayandan bəri Mərkəzi Asiya regionunun resursları, coğrafi mövqeyi nəzərə alınmaqla cəlbediciliyi daha da artıb. Aİ daxilində Almaniyanın Fransa ilə rəqabətini də gözardı etmədən bildirək ki, hər iki ölkənin enerji ilə zəngin regionda marağı var. Çünki Berlin həm də Rusiyadan tədarükünün kəsilməsindən sonra alternativ enerji mənbələri axtarır. Rusiya əsas regional güc olaraq qalır. Bir tərəfdən Mərkəzi Asiya ölkələri Moskvaya Qərb sanksiyalarından yan keçməyə kömək etdiklərini inkar edirlər, digər yandan Qərb mətbuatı bu amilə görə onları tənqid edir. Onu da qeyd etməliyəm ki, Qarabağdakı zəfərdən, Ukraynadakı müharibədən sonra postsovet ölkələri olan sözügedən regionun dövlətləri son vaxtlar münaqişələri həll etmək və regional ittifaqları gücləndirmək üçün səylərini daha da artırıb”.

 

Ekspert deyib ki, Mərkəzi Asiya dövlətləri çoxvektorlu diplomatiya prinsiplərindən istifadə edərək anti-Rusiya və anti-Çin oxunu Qərbin maraqları ilə balanslaşdırmaqla dünya nizamında da öz yerini yenidən nəzərdən keçirməyə başlayıb:

“Bu istiqamətdə müsbət məqamlardan biri odur ki, Mərkəzi Asiya ölkələri əvvəlki regional münaqişələri azaltmağa çalışır, bu baxımdan birliyə can atır. Mərkəzi Asiya dövlətləri əsas nəqliyyat marşrutlarının sürətlə diversifikasiyasına çalışır, yeni tranzit marşrutlarının tikintisinə başlayıb. Region dövlətləri Rusiya və Qərb rəqabət oxunun kəsişməsindən daha çox üzlərini Türk dünyasına və dünya nizamında müstəqil vahid olmaq yoluna tutublar.

Mərkəzi Asiya liderlərinin öz aralarında baş tutan intensiv görüşləri, ikitərəfli və çoxtərəfli qarşılıqlı əlaqələrin artması, daxili siyasətə diqqət ayrılması və tərəfdaşlıq şəbəkələrinin şaxələndirilməsi cəhdləri də bu regionun əhəmiyyətinin artmasından xəbər verir. Bu da iqtisadi cəlbediciliyi artırır”.

Makrondan sonra o da türk ölkəsinə gəlir – Daha bir regionda Rusiyaya savaş elan edilir

Şəbnəm Həsənova

Ş.Həsənova xatırladıb ki, Qazaxıstan və Almaniya avqustun 28-də Berlində Qazaxıstan-Almaniya İşgüzar Şurasının strateji əməkdaşlığa dair 15-ci iclasında on sənəd imzalayıblar:

“Həmçinin aqrar-sənaye kompleksi və emal sənayesi sahələrində birgə layihələr müzakirə olunub. İclasda Almaniya Federal Kansleri Olaf Şoltsun Astanaya səfəri ərəfəsində baş tutan bu məsələlərin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Səfər Rusiyanın bölgədəki təsirinin azalması ilə əlaqələri gücləndirmək məqsədi daşıyır və danışıqlar çox güman ki, ikitərəfli münasibətlər, iqtisadi məsələlər, enerji siyasəti sahəsində əməkdaşlıq və bu kimi bir sıra mövzuları əhatə etməklə Qərbin regionda nüfuzunun artırılması üzərində qurulacaq.

Qeyd edim ki, 2010-cu ildə yaradılmış Qazaxıstan-Almaniya İşgüzar Şurası hər iki ölkənin işgüzar dairələrinin müntəzəm əlaqələndirici və məsləhətçi orqanı və Qazaxıstan iqtisadiyyatına alman investisiyalarının cəlb edilməsi üçün effektiv mexanizm kimi fəaliyyət göstərir. Hazırda Qazaxıstanda alman kapitalı üzərindən 752 müəssisə fəaliyyət göstərir. Bir sözlə, Qərb və Rusiyanın konvensional rəqabəti, həm də Aİ-nin daxili rəqabəti bu regionda daha da qızışır”.

Turan Rzayev
Globalinfo.az