
Mahaçqala hava limanının ərazisində iğtişaşlarda iştirak edən bütün şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunacaqlar.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Hava limanında və ətraf ərazilərdə videomüşahidə sistemi olduğundan iğtişaşlarda iştirak edən hər kəsin şəxsiyyəti müəyyənləşdiriləcək”, – məlumatda deyilir.
Kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi Mahaçqala hava limanının ərazisində icazəsiz aksiyaların keçirilməsinə dair çağırışlardan sonra başlanıb.
“Bu, hakimiyyətdə ciddi narahatlıq yaradıb və hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Polis və Federal Təhlükəsizlik Xidməti (FTX) bu işi fəal şəkildə araşdırmağa başlayıb. Müəyyən olunub ki, aksiyaların təşkilatçıları bir qrup insanı hava limanı ərazisində iğtişaşlar törətmək üçün səfərbər etməyə çağırışlar ediblər. Baş verə biləcək hadisələrin qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün səlahiyyətli orqanlar dərhal bütün lazımi tədbirləri görüb. İstintaq zamanı müəyyən olunub ki, aksiyanın təşkilatçıları sosial şəbəkələr vasitəsilə mitinqin yeri və vaxtı barədə məlumatlar yayıblar. Bu, internet istifadəçiləri arasında böyük rezonans doğurub və hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib. İndi polis və FTX aksiyaların bütün iştirakçılarının, həmçinin təşkilatçılarının müəyyən edilməsi üzərində işləyir”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, etirazçılar Mahaçqala hava limanının binasından və uçuş-enmə zolağında sıxışdırılıb çıxarılıb. Teleqram kanallarının məlumatına görə, indiyədək 4 etirazçı saxlanılıb.














