Xarici İşlər Nazirlərinin “3+3” formatında növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək. Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sübhani İran mediasına müsahibəsində deyib.
Sübhaninin açıqlamasından belə anlaşılır ki, bu bir ehtimal deyil, görüşün artıq yeri və zamanı haqda razılaşma əldə olunub.
Bu necə baş verə bilər? Britaniyada Azərbaycanla görüşdən imtina edən Ermənistan 3+3 formatında masaya əyləşəcək? Türkiyədə görüş planı indiki məqamda nəyə xidmət edir?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Londonda Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi ilk növbədə arqument yetərsizliyindən irəli gəlir:
“Azərbaycanın sülh müqaviləsi ilə bağlı konkret tələbləri var. Bunlar hamısı haqlı, ədalət prinsipləri və beynəlxalq hüquqa söykənən məsələlərdir. İlk növbədə təbii ki, Ermənistan konstitusiyasındakı bədnam maddələrin dəyişdirilməsidir. Bu maddələr dəyişdirilmədən regionda qalıcı sülhə nail olmaq mümkün deyil.
Ermənistan tərəfi bunları görməzdən gəlmək istəyir. Həmçinin Paşinyanın Avropada əsas hamisi olan Fransa Prezidenti Emmanuel Makronun vəziyyəti hazırda yaxşı deyil.
Makron seçkidə ağır məğlubiyyətə uğrayıb, ölkəsində ciddi şəkildə hökumət böhranı yaşanır. Makron Paşinyana real dəstək verə bilməz. O, həmçinin ABŞ – dan da istədiyi dəstəyi ala bilmir. Okeanın o tayında da gərgin seçki dövrüdür və Baydenin namizədliyi sual altındadır. Digər yandan isə Böyük Britaniya Azərbaycanın etibarlı tərəfdaşıdır. Buna görə Paşinyan görüşdən qaçdı.
3+3 formatında görüş XİN rəhbərləri arasında keçiriləcək. Ermənistanın bu görüşdən də imtinası ümumilikdə sülh gündəliyindən imtina etmək demək olar.
Görünür ki, Paşinyan daha çox özü üzə çıxmaq istəmir. Xarici işlər naziri Ararat Mirzoyanı qabağa verir. Ancaq Mirzoyan da məsələni yubatmaqla məşğul olacaq. Düşünmürəm ki, Türkiyədə baş tutacaq görüşdə hansısa bir müsbət irəliləyiş əldə edilsin. Çünki Ermənistan üçün vəziyyət hazırda uyğun deyil. Buna görə İrəvan prosesdən qaçmağa çalışacaq. İndiki halda sülh gündəliyinə qayıtmaq üçün Ermənistana təzyiq lazımdır. Yoxsa yaxın müddətdə regionda real sülhün əldə edilməsi mümkün olmayacaq. Çünki Paşinyan hökuməti mümkün olduqca prosesdən qaçmağa və məsələni yubatmağa çalışacaq”.
Turan Rzayev
Globalinfo.az














