Litva və Estoniya erməni lobbisinin təsiri altına düşüb – Əməkdaşlıq sazişinə yenidən baxıla bilər

Litva və Estoniya erməni lobbisinin təsiri altına düşüb - Əməkdaşlıq sazişinə yenidən baxıla bilər

Son günlər Litva və Estoniya dövlətləri tərəfindən Azərbaycan əleyhinə addımlar atılır. Bu Baltikyanı ölkələrin XİN-lərinin ortaya qoyduğu qərəzli mövqeyə Azərbaycan XİN artıq tutarlı cavab verib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə:

“Litva Xarici İşlər Nazirliyinin qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına, Laçın yolundan həm hərbi təxribatlar, minaların Azərbaycan ərazisinə ötürülməsi, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına etiraz bildirməsi əvəzinə məsələyə qərəzli və birtərəfli yanaşma tətbiq etməsi narahatlıq doğurur”.

Eyni zamanda Azərbaycan XİN tviterdə Estoniya XİN-in mövqeyini qınayan paylaşım edib.

“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırmasını qəbuledilməz sayırıq. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlanır?”, – XİN qeyd edib.

Dost ölkələr hesab edilən Litva və Estoniyanın dövlətimiz üçün belə bir həssas məqamda “düşmən dəyirmanına su tökən” hərəkətləri nədən xəbər verir?

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov bildirib ki, Litva və Estoniya xarici işlər idarələrinin açıqlamaları həm təəssüf, həm də təəccüb hissi doğurur. Ekspert deyib ki, hər iki ölkə ilə Azərbaycanın münasibətləri bu günə qədər qarşılıqlı şəkildə çox yaxşı inkişaf edib:

“Beynəlxalq münasibətlər sistemində belə gərgin situasiyalarda bu cür dövlətlərə tam şəkildə inanmaq və güvənmək də olmur. Litva və Estoniyanın belə bir vəziyyətdə Azərbaycana qarşı bu cür mövqedən çıxış etməsi çox ağrılı məsələdir. Nəzərə almalıyıq ki, 1991-ci ildə SSRİ-nin dağılması ilə həm Azərbaycan, həm də Litva və Estoniya bir vaxtda müstəqillik əldə edib. Rusiyanın SSRİ-nin varisi olduğunu da bilirlər və çətinlikləri bizlə bərabər keçiblər.

Fikrimcə, bu məsələdə Qərbdə olan erməni lobbisinin, həmçinin Fransanın timsalında Qərb amilinin təsiri var”.

Politoloq qeyd edib ki, iki Baltikyanı dövlətin anti-Azərbaycan mövqe tutması gözlənilməz və xoşagəlməz haldır:

“Həm beynəlxalq təşkilatlar, həm də regional təşkilatlar çərçivəsində iki ölkə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Üstəlik, ticarət, iqtisadi, siyasi, mədəni, təhsil sahələrində əlaqələrimiz yüksək səviyyədə inkişaf edib. Belə bir halın yaşanması ondan xəbər verir ki, bu dövlətlər böyük güclərin və erməni lobbisinin maşasına çevriliblər. Onlar da bilərəkdən, yaxud bilməyərəkdən erməni lobbisinin təsir dairəsində çıxış etməyə başlayıblar.

Bu hal isə özlüyündə ikili münasibətlərdə gərgin vəziyyət yaradır. Litva Respublikasının Prezidenti Gitanas Nausedanın may ayında Azərbaycana səfəri oldu. Səfər çərçivəsində ikili münasibətlərə dair Azərbaycanla ticarət, iqtisadi, siyasi, hərbi, kənd-təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalandı. Belə olan halda isə məsələyə yenidən baxıla bilər”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 15 dekabr tarixli sərəncamına əsasən Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi müəyyənləşib.

Gülnar Səlimova,
Globalinfo.az