Fransada sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Зrezident Emmanuel Makronun yaxın zamanda parlamentin aşağı palatasını buraxa biləcəyini istisna etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
“Parlamentin buraxılmayacağına özümüzü inandırmaq təhlükəlidir. Rahatlaşmaq olmaz”, – deyə Le Pen çıxışı zamanı bildirib.
O, şənbə günü tərəfdarları qarşısında çıxış edərək vurğulayıb ki, əgər yeni parlament seçkiləri keçirilərsə, “Milli Birlik” qalib gəlməlidir.
Le Pen eyni zamanda partiyasını 2026-cı ildə baş tutacaq bələdiyyə seçkilərinə hazır olmağa çağırıb.
Qeyd edək ki, parlamentin buraxılması halında Marin Le Pen yenidən deputatlığa namizədliyini irəli sürə bilməyəcək. Bu, onun parlament assistentləri ilə bağlı məhkəmə işi üzrə aldığı hökm nəticəsində seçilmək hüququnun məhdudlaşdırılması ilə bağlıdır.
Aysel Əliyeva
Globalinfo.az














