Kürün qurumasının əsl səbəbi budur – Ekoloqdan ŞOK VERSİYA

Son vaxtlar ölkə ictimaiyyətində narahatlıq doğuran əsas məsələ Kür çayının qurumasıdır. Çayın yenicə çəkilmiş fotolarına baxdıqda vəziyyətin acınacaqlı hal aldığını deyə bilərik.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan ekoloq Telman Zeynalov bildirib ki, Kürün qurumasının əsas səbəbi Azərbaycan xalqıdır:

“Xalq bu gün susur, şikayətini dilə gətirmir. Hər kəs Kürün Türkiyədən başladığını bilir. Son 10 ildə Türkiyədə quraqlıq olduğuna görə onlar əkin sahələrini suvarmaq üçün Kürün suyunun 50 faizindən istifadə edirlər. Qalan 50 faiz isə Gürcüstan ərazisindən keçir, Azərbaycana gəlir. Gürcüstanda çaylar çox olduğundan Kür suyuna ehtiyac qalmır”.

Ekoloq deyib ki, Azərbaycana gələn suyun miqdarına  Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət etməli, yoxlamalıdır:

“Azərbaycanda Kürün bu dərəcədə qurumasında məmurların da əli var! Çoxunun 100-200 hektar sahəsi var və hər yeri özəlləşdirib, kənd təsərrüfatı ilə məşğul olmağa başlayıblar. Burada məsələ sahələrlə bitmir. Onlar həm də süni göllərdə balıq yetişdirirlər. Süni göl necə yaradılır? Əlbəttə ki, Kür suyunun vasitəsilə! Həmin məmurları xalq maraqlandırmır!”

T.Zeynalov vurğulayıb ki, təxminən, 5 il əvvəl Neftçalada qazma işləri aparıb, Kürü dərinləşdirməklə bağlı prosesə başlamışdılar:

“Elə ondan sonra hər şeyi məhv etdilər! Xəzər dənizinin suyu Kürə doldu.   İndi gərək dövlət suya ciddi nəzarət etsin. Azərbaycan ərazisində nə qədər su bəndləri, anbarları tikilibsə, hamısının fəaliyyətinə qadağa qoyulsun. Əks halda 5 il sonra içməyə su tapmayacağıq! Məcbur qalıb, başqa ölkədən suyu pulla almalı olacağıq. Belə olanda da qiymətlər qalxacaq. Ona görə də susuzluğun qarşısını almaq üçün monitorinq aparılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az