Dövlətin rəhbərlərinin eyni helikopterlə uçması qadağandırmı? – Terrora açıq nöqtə

İran prezidenti, xarici işlər naziri və digərlərinin eyni helikopterdə olması müzakirələrə səbəb olub. Əslində, rəhbər şəxslərin, dövlətdə önəmli vəzifə tutan şəxslərin bir təyyarədə olması məqsədəuyğun sayılmır.

Uzaq səfərlərdə hər kəsə fərdi təyyarə ayırmaq olmur. Bəs yaxın məsafələrə hava və quru yolu ilə getdikdə dövlət adamlarının başqa nəqliyyat vasitələrində uçmalarına dair protokolda hansı tələblər var?

Mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik eksperti Rəşad Rza rəhbər şəxslərin eyni anda bir helikopterdə olmasının normal hal olmadığını bildirib.

O, baş verən qəzanın qəsdən törədilməsini istisna etmir:

“Düzdür, təcrübədə bir neçə rəhbər şəxsin eyni təyyarədə getməsi var. O da çox vaxt öncədən planlaşdırılmış, məqsədli şəkildə olur. Yəqin burada da əvvəldən hər hansı bir plan olub. Təəssüf ki, həmin plan göz önündədir”.

Ekspert helikopterin köhnə olduğunu vurğulayıb:

“Bu qəzanı həm daxili, həm də xarici terror aktı kimi qiymətləndirmək olar. Ümumiyyətlə, bir neçə vəzifəli şəxsin köhnə helikopterdə birlikdə olması şübhəlidir. Üç helikopter arasında niyə məhz prezidentin olduğu helikopter qəzaya uğrayır?! Bunun özü də diqqət çəkir. Açığı, baş verən qəza daha çox öncədən düşünülmüş bir addıma bənzəyir. Yəqin ki, araşdırma nəticəsində əsl səbəb bəlli olar”.

Zaira Akifqızı
Globalinfo.az