Ukraynanın sirr kimi saxladığı hücum planı – Dünya heyrət içində

Ukraynanın sirr kimi saxladığı hücum planı - Dünya heyrət içində

Ukrayna-Rusiya müharibəsinin yenidən aktiv fazaya keçməsi müxtəlif versiyaları aktuallaşdırıb. Bəzi iddialara görə, ABŞ-la Rusiya arasında bir müddət gizli danışıqlar aparılıb, lakin nəticəsiz qaldığı üçün gərginlik yenidən artıb.

Həmçinin Ukraynanın hücumu birbaşa ABŞ-ın dəstəyi və təlimatı ilə etdiyi də iddialar arasındadır.

ABŞ-la Rusiya arasında gizli danışıqların aparılması nə qədər realdır? Ukraynanın hücumu Vaşinqtonun planı idi?

Globalinfo.az-a danışan konfliktoloq Azad İsazadə deyib ki, Rusiya və Ukrayna arasında hazırkı gərginlik bundan öncəkilərdən fərqlənmir:

“Tərəflər arasında cəbhəboyu döyüşlər, qarşılıqlı hücumlar əvvəl də olurdu. Lakin hazırkı əməliyyatlarda diqqətçəkən bir detal var. Ukraynanın bu gün keçirdiyi hərbi əməliyyatlar bir həftəyə, on günə düşünülmüş bəsit bir plan əsasında baş tutmayıb. Bu hücumun sxemi uzun müddət hazırlanıb və geniş analizlərdən keçib.

Ukraynanın sirr kimi saxladığı hücum planı - Dünya heyrət içində
Azad İsazadə

Ukrayna buna aprel-may ayından hazırlaşıb. Özü də üç-dörd variant arasından ən optimal olanı seçilib. Vaşinqtonun isə hücumdan xəbərdar olduğunu düşünmürəm. Rəsmi şəkildə bu əməliyyatlardan məlumatsız olduqlarını açıqlayıblar. Ukrayna indiyə kimi bir neçə dəfə də bənzər formada əməliyyat keçirib və ABŞ-ı məlumatlandırmayıb”.

Onun sözlərinə görə, Kiyev Moskvanın ona etdiklərini təkrarlayır:

“Rusiyanın planı bu idi ki, Ukraynanın daha çox ərazisini işğal edib danışıqlar masasında əlini gücləndirsin. Buna müəyyən mənada nail olmuşdu, amma indi vəziyyət eyniləşdi. Ukrayna da Rusiya ərazilərini işğal etdi. Yəni Kremlin təzyiq vasitələri daha yoxdur”.

Turan Rzayev
Globalinfo.az