Beşqat “Qızıl top” sahibi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən, ulduz futbolçu illik 263 milyon avro maaş alacaq – bu, futbol tarixində görünməmiş göstəricidir.
Globalinfo.az xəbər verir ki, bu barədə xəbəri məşhur idman jurnalisti Tankredi Palmeri özünün “X” hesabında yayıb.
40 yaşlı portuqaliyalı hücumçu “Əl-Nəsr”lə müqaviləsini 2027-ci ilə qədər uzadıb.
Müqayisə üçün qeyd edək ki, digər superulduzlar – “Əl-İttihad”da çıxış edən fransız hücumçu Karim Benzema və “İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi illik 200 milyon avro qazanırlar.
Kriştiano Ronaldo karyerası ərzində 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionu adını qazanıb, 2 dəfə Millətlər Liqasının qalibi olub, Milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatlarının ən məhsuldar oyunçusudur.
O, rəsmi oyunlarda 900 qola çatan ilk futbolçu kimi tarixə düşüb.














