Kreml təşviş içində: “Telegram” onları ifşa edəcək

Kreml təşviş içində: "Telegram" onları ifşa edəcək

“Telegram”ın həmtəsisçisi Pavel Durov bundan sonra platformadan istifadə edən bəzi şəxslərin IP ünvanları və telefon nömrələrinin açıqlanacağını deyib.

O, bunun yalnız dünya ölkələri hüquq-mühafizə orqanlarının rəsmi sorğuları əsasında mümkün olacağını bildirib. Məlumata görə, platformadan istifadə qaydalarına riayət etməyən və ondan qanunvericiliyin pozulması üçün faydalanan istifadəçilərin məlumatları müvafiq qurumlarla paylaşılacaq.  

Durov azadlığa buraxılması qarşılığında Fransa hökuməti ilə razılaşıb? “Telegram” rusiyalı istifadəçilərin məlumatlarını Avropaya verəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, sözügedən məsələ elə də ciddi qalmaqala səbəb olmayacaq:

“Durovun dediyi kimi, bu, “Telegram”ın qaydalarını pozanlara aiddir. Yəni cinayətkarların messencerin daxili axtarışından sui-istifadə etmələrinin qarşısını almaq üçün belə bir tədbir görülüb.

Rusiyanın dövlət və hərbi sirrlərinin, yaxud kəşfiyyat məlumatlarının açıqlanması isə inandırıcı görünmür. Doğrudur, Pavel Durov ciddi fiqurdur və Fransa, yəqin ki, onu mühafizə etməyə çalışacaq. Amma əgər Rusiyaya qarşı təhlükə yaranarsa, onun aradan qaldırılması Kreml üçün o qədər də çətin olmayacaq”.

Xatırladaq ki, “Telegram”ın həmtəsisçisi Pavel Durov avqustun 25-də Paris hava limanında saxlanılıb. Ona qarşı messencerdə ekstremist və qanunsuz kontentin qarşısını almamaqla bağlı ittihamlar irəli sürülüb.

Bundan sonra Rusiya Prezidenti Vladimir Putin bir ay ərzində “Telegram”ın Rusiya analoqunun yaradılması barədə əmr verib.

Turan Rzayev
Globalinfo.az