Kreml qarışdı: Gerasimov Kurska hücum olacağını bilirdi, amma…

Kreml qarışdı: Gerasimov Kurska hücum olacağını bilirdi, amma...

“Ukraynanın Kursk vilayətinə hücum edəcəyi ilə bağlı məlumat 2 həftə əvvəldən Rusiya ordusunun Baş qərargah rəisi Valeri Gerasimova məruzə edilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya hakim dairələrinə yaxın Teleqram kanalları yazıb.

Məlumata görə, V.Gerasimova məruzəni Leninqrad Hərbi Dairəsinin rəhbərinin müavini general-leytenant Əsədulla Abaçev edib. Əvəzində isə baş qərargah rəisi generala düşmənin təbliğatını aparmamalı olduğunu deyib.

Qeyd edək ki, bundan öncə Rusiyanın Kursk vilayətinə hücum olub. Nəticədə bir neçə yüz kvadrat kilometr ərazi Ukraynanın nəzarətinə keçib.

Onu da vurğulayaq ki, prezident seçkisindən sonra bir sıra ekspertlər Rusiya hakim klanları arasında toqquşmanın artdığını bildirirlər. Xüsusilə hərbi qanadın təsirinin güclənməsi digər klanları, əsasən Federal Təhlükəsizlik Xidmətini (FTX) narahat edir. Xidmətin təmsilçisi sayılan Nikolay Patruşevin Təhlükəsizlik Şurasının rəhbərliyindən alınıb yerinə keçmiş müdafiə naziri Sergey Şoyqunun gətirilməsi isə bu savaşı daha da şiddətləndirib. Üstəlik, Rusiyada bəzi elita nümayəndələrini Gerasimovun bütün uğursuzluqlara rəğmən hələ də orduya nəzarət etməsi narahat edir.

Əliyar Xəlil
Globalinfo.az