Kreml Paşinyanı 2018-də niyə dayandırmadı? – “Putin bu dəfə dözməyəcək!”

“Putinlə Paşinyanın münasibətlərində nəsə baş verib və o, artıq Paşinyana  etibar etməməyə başlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov “Hraparak” qəzetinə müsahibəsində deyib.

“Bir şey aydındır ki, iki ölkənin rəhbərliyi arasında yadlaşma gedir. Bilmirəm bu, erməni siyasətçilərinin planının bir hissəsidir ya yox, amma hesab edirəm ki, çox şeydə İrəvan günahkardır və özü bilərəkdən çox neqativ prosesləri alovlandırıb. Onlar Moskvanı Qarabağ və digər məsələlərdə eşitmədilər, öz siyasətlərini apardılar, sonra isə hər şeyi bizim səhvimiz olaraq təqdim etdilər. Əlbəttə, bizim səhvlərimiz olub, amma Paşinyanın dediyi səviyyədə yox” – deyə o bildirib.

Tarasov Paşinyanın hakimiyyətə gəlməyində səhvin Moskvada olduğunu bildirib:

“Mən səhvlər deyəndə Rusiyanı təmizə çıxarmaq istəmirəm. Paşinyan bizim buraxdığımız səhv idi. Biz Paşinyanın hakimiyyətə gələcəyini bilirdik, amma bu prosesi dayandırmaq üçün heç nə etmədik. Biz bilirdik ki, sonra nə baş verəcək. Qısaca, faciədir”.

O, həmçinin Rusiyanın Ukraynada uduzmasının onun postsovet ölkələrinə yanaşmasını dəyişdirəcəyini bildirib:

“Biz bəzi postsovet ölkələrinin məsuliyyətsiz bəyanatlarına dözməyəcəyik. Bu hər kəsi narahat edir. Problem budur və onu obyektiv qiymətləndirmək lazımdır. Baxın, görün Avropada nə baş verir? Makron uduzub, Şolts uduzub, Bayden uduzub, İngiltərə böhranın ərəfəsindədir. Bunu yarım il əvvəl təsəvvür edə bilərdinizmi? Ukraynanı kənara qoyun və baxın, görün nə hadisələr baş verir. Ermənistan, Azərbaycan, Gürcüstan ikinci dərəcəli faktorlardır, amma Rusiya üçün çox vacibdirlər”.

Tarasov Ermənistanı Qarabağı bilərəkdən itirməkdə ittiham edib:

“Qarabağda biz əməliyyatların müharibəyə keçməsinə izin verdik, müharibəni dayandırmadıq. Biz Minsk Qrupunun üzvü kimi bütün üzvləri toplayıb, müharibəni dayandırmalı, Azərbaycana xəbərdarlıq etməli idik. Bütün üzvlər addım atmağa cəhd etdilər, amma çox gec idi. Bu, səhv idi. Qarabağın verilməyinə gəlincə, 100% deyə bilərəm ki, Ermənistan rəhbərliyi Qarabağı bilərəkdən, düşüncəli şəkildə verdi”.

Əliyar Xəlil
Globalinfo.az