Kreml çox narahatdır: İqor Xovayevi Bakıya gətirən səbəb…

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlar, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşiyanla Brüssel görüşünə iki gün qalmış Kreml öz emissarını Bakıya və İrəvana göndərməsi diqqət çəkir.

Maraqlıdır, İqor Xovayevi Bakıya və İrəvana gətirən səbəb nədir? Kreml nəyi öyrənmək istəyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda görüşdülər, dövlət katibi Entoni Blinkenin iştirakıyla 4 gün müzakirələr apardılar.

Elxan Şahinoğlu

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu həftənin sonunda Brüsseldə görüşəcək, 17 gün sonra iyunun 1-də Moldova paytaxtı Kişinyovda Avropa Siyasi İcması toplantısı çərçivəsində müzakirələri davam etdirəcəklər. Bu gedişat ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənməsinə işarədir.

Əlbəttə, Vaşinqton və Brüsselin vasitəçiliyi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını sürətləndirmir, ancaq bu iki formatda dialoqun davamı Cənubi Qafqazın gələcəkdə necə şəkillənəcəyinə işarədir.

Hesab edirəm İqor Xovayevi bölgəyə göndərənlərin məqsədi tərəflərin Brüssel və Kişinyovda hansı razılaşmalar əldə edilə biləcəyini ilk mənbədən öyrənməkdir. Kreml açıq-aşkar Azərbaycan və Ermənistan liderlərinin Brüssel və Kişinyov görüşlərindən narahatdır, bu mənada sərhəddəki son təxribatların təsadüf olmadığına dair ciddi şübhələr var”.

Turan Rzayev
Globalinfo.az