Kreditlə dərman və ərzaq almaq mümkün olacaq? – AÇIQLAMA

Ev, avtomobil, geyim, kosmetika və müxtəlif məhsullar kreditlə satıldığı təqdirdə həyati əhəmiyyət daşıyan ərzaq və dərmanlarda bu satış forması tətbiq edilmir. Maraqlıdır, dərman və ərzağın kreditlə satışına keçid alınması mümkündür?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyib ki, bu məsələdə ciddi texniki problemlər var.

O bildirib ki, geyim, kosmetika, texnika satan mağazaların ya bank olmayan maliyyə və kredit təşkilatları ilə, ya da birbaşa banklarla özəl müqavilələri olur:

“Satıcı məhsulu müştəriyə satan zaman vəsaiti bankdan almış olur. Dərman və ərzaqlarla bağlı isə belə bir maliyyə bazası yoxdur. Əslində, bunu da etmək mümkündür, hətta çətin deyil. Sadəcə, burada mağaza və apteklərdə taksitli ödəməyə keçmək üçün banklar, digər maliyyə qurumları arasında müqavilələr imzalanmalıdır.

Natiq Cəfərli

İqtisadçı deyib ki, İcbari Tibbi Sığorta üçün pul ödəyiriksə, preparatları da onlardan rahat şəkildə əldə etməliyik:

“Bir çox ölkələrdə dərman preparatları sığortaya aid olsa da, təəssüf ki, bizdə belə deyil. Türkiyədə “yaşıl kart” var ki, apteklərdə o kartla dərman alan zaman müəyyən hissəsini sığorta ödəyir. Bizdə də belə sistemin qurulması yaxşı olar”.

N.Cəfərli deyib ki, dərmanların ödənişi ilə bağlı sığorta dəstək olarsa, taksitlə ödəniş etməyə ehtiyac qalmaz, vətəndaşlara da rahat olar:

“Lakin bu məsələni ərzaq məhsullarına tətbiq etmək olmaz. Çünki ən aşağı hesablamalar əsasən təqribən 28-30 milyard manatlıq ərzaq dövriyyəsi olur. Məhsul kreditlə verilsə, dükanların şirkətlərə borcları yarana bilər”.

Zaira Akifqızı
Globalinfo.az