Keçmiş səhiyyə naziri Əli İnsanov yenidən müzakirə obyektinə çevrilib. Onunla bağlı son müzakirə 40 kiloqram qızıl məsələsi oldu. Mediada belə bir xəbər yayıldı ki, 2005-ci ilin oktyabrında evindən götürülmüş təxminən 40 kiloqram həcmində qızıl külçələr ona geri qaytarılıb. Həmçinin Ə.İnsanova söz verilib ki, Xızı rayonunun Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villasını geri qaytaracaqlar.
Düzdür, partiyanın Feacebook səhifəsində yerləşdirilmiş açıqlamada Ə.İnsanov bu məlumatları qarayaxma adlandırıb. Globalinfo.az xatırladır ki, qızıl külçə söhbəti yeni deyil. 2005-ci ilin payızında Əli İnsanovun evində aparılmış axtarış zamanı sabiq nazirə məxsus xeyli qızıl-zinyət əşyasının müsadirə olunduğu haqda o vaxtın mətbuatında xəbərlər yazılırdı.
Maraqlıdır ki, Əli İnsanovun əmlaklarının geri qayatarılması xəbəri ilə MTN generalı Akif Çovdarovun 5 illik məhbus həyatından sonra 30 milyonluq əmlakının ona geri qaytarılması xəbəri eyni vaxta təsadüf etdi. Bu isə xeyli yayılması diqqət çəkir.
Mövzunu Globalinfo.az-a şərh edən hüquqşünas Əliməmməd Nuriyev deyib ki, bir çox məmurun vəzifədə olduğu müddətdə qanunsuz yollarla mənimsədiyi, əldə etdiyi varidat, mal-mülk onlara geri qaytarıla bilməz:
Əliməmməd Nuriyev
“Bir məmurun rəsmi maaşı ilə bu qədər mal-mülk əldə etməsi mümkün deyil. Maaşı hesablandıqda mövcud varidatlarının onda biri belə etmədiyini görmək mümkündür.
Ümumiyyətlə, qanunla bu kimi hallar tənzimlənib. Məmurlar bir çox hallarda qanunsuz mənimsədikləri mal-mülkünü qohumlarının adına keçirir, beləcə məsuliyyətdən yayınmağa çalışır.
Qanunvericilik bunun da qarşısını alır. Artıq təkcə məmurlar deyil, onların yaxın qohumları da mənimsənən mal-mülkə görə məsuliyyət daşıyır.
Korrupsiya yolu ilə əldə edilmiş əmlakların sonradan geri qaytarılması düzgün deyil. Bunun çox ciddi fəsadları ola bilər. Ümumiyyətlə hüquqi müstəvidə bu istiqamətdə verilən istənilən qərarla bağlı ehtiyatlı olmaq lazımdır.
Məsələ ondadır ki, bu, hazırkı məmurlar üçün də yaxşı tendensiya sayılmır. Gələcəkdə onların bənzər addımlar atmasına səbəb ola bilər. Digər tərəfdən, bu həm də sosial ədalətə, qanunların aliliyinə olan inamı sarsıda bilər”.
Hüquqşünasın sözlərinə görə, MTN generalı Akif Çovdarovun 5 illik məhbus həyatından sonra müsadirə edilmiş 30 milyonluq əmlakının geri qaytarması ilə bağlı yayılan xəbər doğru deyil:
“Çovdarova hər hansısa bir əmlak qaytarılmayıb. Bu istiqamətdə apelyasiya prosesi hələ davam edir. Hesab edirəm, bu məsələ ilə bağlı nəsə demək hələ tezdir. Prosesin sonunu gözləmək lazımdır. O ki qaldı Əli İnsanovla bağlı yayılan xəbərlərə, hər halda o özü bu barədə təkzib verib. Təkzib veribsə, fərqli nəsə demək doğru olmaz”.
Turan Rzayev
Globainfo.az