Körpüdə çöküntü narahatlıq yaratdı: səbəb bir deyil – Ekspert

Bir qədər əvvəl Əbdülvahab Salamzadə küçəsi ilə Tiflis prospektinin kəsişməsindəki yol ötürücüsündə meydana gələn çökmə körpülər və yollarla bağlı analoji problemi yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tikinti mühəndisi Vəli Cəfərov qeyd edib ki, körpü ilə bağlı heç bir problem yoxdur:

“Körpüyə yaxın hissədə yolun alt qatına su yığıldığı üçün çöküntü yaranmışdı, lakin böyük təhlükə yox idi. Ümumiyyətlə, belə məqamlarda problem aradan qaldırılana qədər ehtiyatlı olmaq lazımdır”.

Ekspert qeyd edib ki, sözügedən problem bir neçə səbəbdən qaynaqlanır:

“Qış fəslinin gəlməsi, intensiv yağış və başqa təsirlər yollarda, körpülərdə bənzər halların yaranmasına səbəb olur. Burada inşa prosesində çalışan işçilərin laqeydliyi və mühəndisin lazımi səviyyədə diqqətli olmaması da rol oynayır.

Ümumiyyətlə, asfalt çəkilməsinə, körpü salınmasına tam nəzarət mümkün deyil. Lakin yaxşı olardı ki, prosesə ciddi yanaşılsın, çünki ortada həm də insan taleyindən söhbət gedir”.

Safura Bənnayeva
Globalinfo.az