“Kommersant”ın manşetinə Bakıdan reaksiya: “Bu razılaşma pozula bilər!”

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Yeni ildən dərhal sonra imzalana bilər”.

“Kommersant” nəşrinin yaydığı bu məlumat birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Adıçəkilən nəşrin kifayət qədər nüfuzlu media olduğunu və mötəbər mənbələrə çıxış imkanlarını nəzərə alsaq, o zaman yeni ildən sonra sülhün imzalanacağını düşünmək mümkündür. 

Digər tərəfdən, son proseslər – Sankt-Peterburqdakı sammitdə Əliyev və Paşinyanın ayaqüstü söhbəti, xüsusilə, Ermənistan Baş nazirinin administrasiyası ilə Azərbaycan Prezident Administrasiyasının 7 dekabrda yaydıqları birgə bəyanat sözügedən məsələyə ümidləri artırır.

Globalinfo.az-a mövzunu şərh edən politoloq Murad Sadəddinovun sözlərinə görə, bu günə qədər yəqin ki, müəyyən razılaşma var:

“Ona görə də “Kommersant” belə bir məqalə dərc edib. Amma nəzərə almaq lazımdır ki, imzalanmalı olan razılaşma həddindən artıq incədir. Bu razılaşma pozula da bilər. Ona görə də, sülh müqaviləsinin qısa müddət ərzində imzalanmasının mümkün olub-olmayacağını demək çox çətindir. Hərçənd, tərəflər arasında sülh müqaviləsinin tez imzalanacağı haqda nəinki “Kommersant”, eyni zamanda Ermənistan tərəfi də məlumatlar yayır. Amma müxtəlif siyasətçilər bu fikirlə yanaşı əks mövqe də səsləndirirlər. Ona görə də, birmənalı nəsə söyləmək çətindir. Amma sülh müqaviləsinin tezliklə imzalanması ehtimalı mövcuddur”.

Kim nə deyirsə desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” – Murad Sadəddinov - GlobalInfo.az

Politoloq əlavə edib ki, hazırda sülhə əngəl yaradan bəzi məsələlər var:

“Vasitəçilik etmək istəyən ölkələrin yanaşması fərqlidir. Eyni zamanda Ermənistanın daxilində müəyyən qüvvələr sülhə qarşı çıxırlar. Digər tərəfdən, sənədin özü ilə bağlı müəyyən məsələlərdə də tərəflər anlaşa bilmirlər. Amma Ermənistan tərəfindən siyasi iradə göstərilsə, o zaman sülh müqaviləsi yaxın zamanda imzalana bilər”.

Əliyar Xəlil
Globalinfo.az