Ukrayna ilə bağlı iki sensasion ssenari: 105 il əvvəl o əsərdə nə yazılıb?

Ukrayna ilə bağlı iki sensasion ssenari: 105 il əvvəl o əsərdə nə yazılıb?

Son günlər Rusiya-Ukrayna cəbhəsində aktivlik müşahidə olunur. Moskvanın Kursk istiqamətində çox sayda canlı qüvvə və texnika cəlb etdiyi bildirilir. Həmçinin Şimali Koreydan 10-12 min hərbçinin Rusiyaya dəstək üçün göndəriləcəyinə dair məlumat da yayılıb.

Bəzi iddialara görə, Ukrayna Prezidenti Volodimir Zelenski Qərbi müharibəyə sürükləməyə çalışır. Son olaraq təqdim etdiyi “Qələbə planı”ndan sonra bu iddialar daha da güclənib. Həmçinin Qərbin Kiyevi sonu görünməyən müharibənin ortasına atdığı fikrini müdafiə edənlər də az deyil.

Müharibənin üçüncü ilində Moskva və Kiyev arasında sülh gözlənilirmi? Çətinliklər fonunda Ukraynanın aqibəti necə olacaq?

Globalinfo.az-a danışan politoloq Teymur Qasımlı deyib ki, Qərbin Ukraynanı sonu olmayan fəlakətin ortasına atdığı ilə bağlı iddiaları doğru deyil:

“Belə ki, tarixən ingilislərin Ukrayna və digər ölkələrlə bağlı planları olub. Coğrafiya üzrə məşhur professor Helford Makkinder 1919-cu ildə nəşr etdirdiyi “Demokratik ideallar və gerçək” adlı əsərində ilk dəfə bunu ifadə etmişdi. ABŞ-ın dövlət katibi olmuş Henri Kisincerin də Ukrayna ilə bağlı planları vardı. Lakin bunlar tarixi aspektdən dəyərləndirilən məsələlərdir”.

Ukrayna ilə bağlı iki sensasion ssenari: 105 il əvvəl o əsərdə nə yazılıb?
Teymur Qasımlı

Politoloqun sözlərinə görə, Ukraynadakı müharibəyə baxdıqda burada haqsız tərəfin açıq şəkildə Rusiya olduğu görünür:

“Çünki hər bir dövlətin öz suveren hüquqları var. Yəni ölkələr qərb, ya da şərq blokunda iştirakı özləri müəyyən edirlər. 2004-cü ildən başlayaraq Maydan hadisələrinə qədər davam edən siyasi proseslər, Krımın, Donetsk və Luqanskın işğalı kimi hərbi hadisələr prosesləri bugünkü halına gətirib çıxardı. Ukrayna xalqı, hakimiyyəti özü Qərbə inteqrasiyanı seçib. Lakin bu, Rusiyanın Ukraynanı işğal etməli olduğu mənasına gəlmir.

Bütün  proseslərin səbəbkarı Rusiyadır, Ukrayna torpaqlarını işğal edib. Lakin bu da bir həqiqətdir ki, Qərb Zelenskinin əli ilə Moskvanı müharibəyə çəkə bilib. Çünki Ukraynanın Rusiyaya hücum etmək gücü yox idi. Ona görə də bu versiya doğrudur. Müharibənin uzadılması iki tərəfi də zəiflədir, lakin hələlik sülh real görünmür. Ən yaxşı halda atəşkəs razılaşması ola bilər”.

Turan Rzayev
Globalinfo.az