Gizli danışıqlar: Tramp Zelenskinin rəqiblərinə söz göndərdi

tramp

“ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsində olan dörd yüksək vəzifəli şəxs Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin əsas siyasi rəqibləri ilə gizli danışıqlar aparıb”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Politico” nəşri çıxış edib.

“ABŞ-ın yüksək rütbəli şəxsləri Ukraynanın keçmiş baş naziri, hazırda müxalifə liderlərindən olan Yuliya Timoşenko və keçmiş prezident Pyotr Poroşenkonun nümayəndələri ilə danışıqlar aparıblar. Görüşlər zamanı Ukraynada prezident seçkilərinin tez bir zamanda keçirilməsinin mümkünlüyü müzakirə edilib” – nəşrin məqaləsində qeyd olunur.

Xatırladaq ki, Donald Tramp fevralın 18-də verdiyi açıqlamada Volodimir Zelenskinin reytinqinin 4 faizə düşdüyünü və Ukrayna münaqişənin həlli üzrə danışıqlarda iştirak etmək istəyirsə, seçki keçirməli olduğunu bildirib. Bir gün sonra ABŞ prezidenti Zelenskini seçki keçirməkdən imtina etdiyinə görə “diktator” adlandırıb və onun reytinqinin son dərəcə aşağı olduğunu bir daha vurğulayıb.

Ukrayna prezidentinin Vaşinqton və Moskvanın şərtləri ilə razılaşmaması səbəbindən Tramp administrasiyasının Kiyevdə hakimiyyət dəyişikliyinə nail olmağı planlaşdırdığı iddia edilir.

Safura Bənnayeva
Globalinfo.az