Kiyev-Moskva gərginliyinə yeni supergüc daxil olur: Vasitəçilik, yoxsa silah satışı?

Hindistan Baş naziri Narendra Modi Ukraynaya rəsmi səfər edib. Kiyevdə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib ki, tərəflər vaxtın çox hissəsini Ukrayna münaqişəsi məsələsinə həsr ediblər.

“Baş nazir Hindistanın mövqeyini açıqlayaraq bildirib ki, dialoq və diplomatiya münaqişənin həllinin açarıdır. Yəni sülh yolundan başqa variant yoxdur. Modi Zelenski ilə görüşdə Qlobal Cənub dövlətlərinin Ukrayna münaqişəsi və onun nəticələri ilə bağlı narahatlığı məsələsini də qaldırıb. Zelenski isə açıq şəkildə Ukrayna ilə bağlı sülh sammitində Hindistanın iştirakının davamını istədi”, – deyə Caişankar vurğulayıb.

Bununla belə ekspertlər iddia edir ki, Hindistan Ermənistandan sonra Ukraynaya silah satmağı planlayır. Digər diqqətçəkən bir məqam isə N. Modinin Rusiyaya səfəridir. Ekspertlər bunu Dehlinin münaqişənin həlli istiqamətində vasitəçilik missiyanı təklif edəcək olması ilə əlaqələndirir.

23 avqust 2024-cü il.  Narendra Modi Kiyevdə Volodimir Zelenski ilə görüşüb

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, bu, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Hindistanın Baş nazirinin Ukraynaya ilk səfəri idi:

“Modi Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdəki müzakirələr zamanı dialoq və diplomatiya yolu ilə hərtərəfli, ədalətli və davamlı sülhə nail olmağın vacibliyini vurğulayıb. Narendra Modi Kiyevdə Ukrayna Milli Tarixi Muzeyində uşaqlara həsr olunmuş multimedia ekspozisiyasını ziyarət edərək Rusiya ilə davam edən müharibənin ən gənc qurbanlarının ölümü ilə bağlı başsağlığı verib. Hindistanın baş naziri münaqişədə həyatını itirmiş uşaqların xatirəsinə sərgilənən ekspozisiyanın onu dərindən təsirləndirdiyini bildirib.

Hindistan Rusiya-Ukrayna müharibəsində neytral mövqe nümayiş etdirsə də Narendra Modi müharibənin davam etdirilməsinin ölkəsini ciddi narahat etdiyini vurğulamağı unutmayıb. Buna baxmayaraq, Hindistan iyun ayında Cenevrədə keçirilən Ukrayna ilə bağlı sülh sammitində yekun bəyanatı imzalamayıb. Dehli bunu Rusiyanın tədbirə dəvət almaması ilə izah edib. Kiyev Dehlinin bəyanata imza atacağına ümid edir”.

Politoloq deyib ki, Narendra Modi Kiyevdə əvvəlki açıqlamasını təkrarlayıb:

Elxan Şahinoğlu

“Ukraynadakı münaqişənin yeganə həlli dialoqdur”. Volodimir Zelenski dialoqun əleyhinə olmadığını, ancaq Moskva ilə dialoqun işğala son qoyması vacibliyini vurğulayıb. Moskva isə əksinə işğalı rəsmiləşdirən dialoqu dəstəkləyir. Zelenski Hindistanın mövcud vəziyyətə təsir edə biləcəyini belə izah edib: “Siz böyük ölkəsiniz və Putini dayandıra bilərsiniz”. Modi buna cavab olaraq “Hindistan heç vaxt neytral olmayıb, biz həmişə sülhün tərəfində olmuşuq” cümləsini işlədib. Modi bu sözlərini Rusiya Prezidenti Vladimir Putinə də dediyini bildirib: “Hindistan sülh və tərəqqi yolunda fəal rol oynamağa hazırdır. Biz dövlətlərin ərazi bütövlüklərinə və suverenliklərinə hörmət edirik. Mən Rusiya prezidentinə də açıq şəkildə demişəm ki, heç bir problemin həlli döyüş meydanında tapılmır, həll ancaq danışıqlar, dialoq və diplomatiya yolu ilə mümkündür”.

Hindistanın baş nazirinin Ukraynaya səfəri müharibəyə son qoymasa da, Kiyev bununla ona dəstək verən böyük dövlətlərin sayının artmasına çalışır. Narendra Modinin Kiyevə səfərini şərh edən Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak “İndia Today” nəşrinə müsahibəsində iki ölkə arasında əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini bildirib”.

Turan Rzayev
Globalinfo.az