Müharibələrin miqyası böyüyür. Təbii olaraq mövcud səbəbdən dünyada kişilərin sayında ciddi azalma var. Xüsusən, Ukraynada bu böhranın dərinləşdiyi deyilir. Paralel olaraq homoseksuallıq təbliğ olunur.
Bu, dünyanın demoqrafik vəziyyətinə necə təsir edəcək?
Mövzunu Globalinfo.az-a şərh edən sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, təbliğatı aparanların özləri insan artımının qarşısını almaq üçün müxtəlif yollara əl atırlar.
O deyib ki, iyrənc yollardan biri də homoseksuallığın təbliğidir:
“Halbuki əhali artımını sivil yollarla tənzimləmək mümkündür. Yer üzündə olan bütün problemi həll edə bilmərik. Amma biz gərək öz ölkəmizdə önləyici tədbirlər görək. Bunun üçün də ölkədə həqiqi sosial işçilər yetişdirmək lazımdır. Təbii ki, həmin işçiləri də işlə təmin etmək şərtdir. Bilirsiniz, tez-tez eşidirik ki, hansısa robot filan fəaliyyətlə məşğul olmağa başlayıb, insanların vəzifəsini yerinə yetirir və s. Bunu eşidənlər də hay-küy salırlarki, bəs camaat nə iş görəcək?! Əslinə qalsa, əhalinin indi işi daha çoxdur. Çünki onlar sosial sferanın tənzimlənməsi ilə bağlı bir çox işlər görməlidirlər. Azərbaycanda isə təəssüf ki, bu işlər barədə aydın təsəvvürləri yoxdur. Ona görə də, insanlar arasında aqressivlik artır, xoşagəlməz hallar yaşanır və s.”
Əhməd Qəşəmoğlu
Sosioloqun sözlərinə görə, bizdə məsul şəxslər sosial sahəni və nə etmək lazım olduğunu bilmirlər:
“Amma bununla bağlı mütləq addımlar atılmalı, lazımi işlər görülməlidir. İnsan gənc olanda onun tibbə bir o qədər də ehtiyacı olmur. Yaşlandıqca isə tibbə ehtiyac çoxalır. Cəmiyyət də gündən-günə mürəkkəbləşdikcə onun sosial işə ehtiyacı artır. Ölkədə səhiyyə sistemi olmasa əhalinin fiziki sağlamlığı korlanar. Onun kimi də indiki vaxtda lazımi sosial iş xidməti olmasa, həyatımızda bu cür xoşagəlməz halların sayı artacaq. Belə olanda isə əhali artımında azalma olacaq. Cəmiyyət bu gün tələb edir, yalvarır ki, bizimlə elmin köməyi ilə məşğul olun, sağlamlığımızla maraqlanın. Təəssüf ki, Yer üzü bununla hələ məşğul olmaq iqtidarında, səviyyəsində deyil. Çünki başları müharibələrə qarışıb. Amma biz öz ölkəmizi bu cür bəlalardan xilas etmək üçün diqqəti artırmalıyıq”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Zaira Akifqızı
Globalinfo.az














