Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasına rəsmi səfərinin növbəti günündə Roma şəhərində yerləşən NATO Müdafiə Kollecini ziyarət edib.
Müdafiə Nazirliyindən Globalinfo.az-a bildirilib ki, general-polkovnik K.Vəliyev kollecin komandanı general-leytenant Maks Nielsenlə görüşüb.
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə hərbi təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları və perspektivləri haqqında geniş müzakirələr aparılıb.
Sonra kollecin tarixi, əsas fəaliyyət istiqamətləri və tədris prosesi, həmçinin dinləyicilər üçün burada yaradılmış şərait barədə Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ətraflı məlumat verilib.
Sonda general-polkovnik K.Vəliyev NATO-nun “Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası” çərçivəsində xidmət edən, həmçinin “NATO regional əməkdaşlıq kursu”nun dinləyiciləri olan azərbaycanlı hərbi qulluqçular və mülki heyətlə görüşüb, onların təhsili və tədris şəraiti ilə maraqlanıb.
***12:49
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin İtaliyaya rəsmi səfəri davam edir.
Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi bu ölkənin hazırda Silahlanma üzrə Baş direktoru vəzifəsində xidmət edən general-leytenant Luçano Portolano ilə görüşüb.
General-polkovnik K.Vəliyev general-leytenant L.Portolanonu İtaliya Silahlı Qüvvələrinin Baș Qərargah rəisi vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.
Görüşdə hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.
Sonra İtaliyanın Birgə Əməliyyatlar Komandanlığını ziyarət edən Azərbaycan hərbi nümayəndə heyətinə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib.














