Milli Qəhrəman Hökumə Əliyevanın ailə üzvləri Kəlbəcərə köçürlər.
Globalinfo.az bildirir ki, bu barədə Teleqraf-a Milli Qəhrəmanın atası Cəlil Əliyev məlumat verib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev ailəyə yeni mənzilin açarlarını təqdim edib:
“Yaxın günlərdə Kəlbəcərə köçəcəyik. Mən özüm Kəlbəcərdə müəllim kimi fəaliyyət göstərəcəm. Cənab Prezident mənzilin açarlarını təqdim edərkən yüksək qürurla Milli Qəhrəman atası olduğumu vurğuladı. Görüş zamanı həm işğaldan azad olunmuş torpaqlarımızdan, həm də ordumuzun gücündən danışdı. Prezident hər kəslə səmimi söhbət etdi və salamladı. Birinci vitse-prezident Mehriban Əliyeva isə həyat yoldaşımla söhbət etdi və birgə şəkil çəkdirdilər”.
Cəlil Əliyevin sözlərinə görə, ailə dördotaqlı mənzilə köçəcək:
“Oğlum və gəlinim də daxil olmaqla bütün ailə üzvlərimizlə Kəlbəcərdə yaşayacağıq. Biz Kəlbəcərə köçürülən 20 ailədən biriyik”.
Qəhrəman atasının sözlərinə görə, Hökumə Əliyevanın adının əbədiləşdirilməsi ailənin böyük arzusudur:
“Məktəbə və ya küçəyə qızımın adının verilməsini istəyirik. Eyni zamanda, işğaldan azad olunan torpaqlarda inşa edilən hava limanlarından birinin Hökumə Əliyevanın adına olmasını arzulayırıq. Bununla bağlı rəsmi müraciət etməyi düşünürük”.
***14:09
Kəlbəcərə ilk köç edən sakinlər arasında Milli Qəhrəman Hökumə Əliyevanın ailə üzvləri də var.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın Qərb bürosuna Hökumə Əliyevanın atası, Kəlbəcər sakini Cəlil Əliyev bildirib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.














