Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçirilir. Forumda 182 ölkədən 40 mindən çox şəxs iştirak edir. Nümayəndələr arasında xeyli sayda kamerunlu nümayəndə də var. Onlardan biri Afrikada Qeyri Hökumət təşkilatının rəhbəri Melvin Blingvedir.
O, Globalinfo.az-a bunları deyib:
“Özüm Kamerundan gəlmişəm. Təşkilatımız Afrikanın 47 ölkəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Bu, mənim Bakıya üçüncü səfərimdir. Azərbaycana gəlmək və burada görülən işlərlə tanış olmaq çox təsiredicidir”.
Müsahibimiz Bakıya ilk dəfə 2024-cü ildə gəldiyini bildirib:
“İlk dəfə COP29 tədbiri zamanı Bakıda olmuşam. Daha sonra başqa bir mötəbər tədbirdə iştirak etmək üçün yenidən gəldim. İndi isə Dünya Şəhərsalma Forumuna qatılmışıq. Yəni bu, Azərbaycana, xüsusilə də Bakıya üçüncü səfərimdir. Buranın insanlarını çox sevirəm. Siz çox mehriban insanlarsınız”.
Melvin Blingve Azərbaycan mətbəxini də sevdiyini deyib:
“Demək olar ki, bütün yeməklərinizdən dadmışam. Hətta ənənəvi Bakı geyimini də geyinmişəm. Çox gözəl idi. Yeməklərin adları yadımda qalmasa da, dadı damağımdan getmir. Məsələn, kabab yemişəm. Ət yeməkləri, tərəvəzlər və müxtəlif çeşidlər, hamısı çox gözəl və dadlıdır”.
Zaira Akifqızı
Tərcümə: Ayan Abbaslı