Kadırov daha bir qohumuna yüksək vəzifə verdi

Kadırov daha bir qohumuna yüksək vəzifə verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov bacısı oğlu Adam Çerxiqovu nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri təyin edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Kadırov öz Teleqramında paylaşıb.

Maraqlı məqam odur ki, Adam Çerxiqov bu vəzifədə atası Ramzan Çerxiqovu əvəzləyib. O isə bu postda 2007-ci ildən oturub. Kiçik Çerxiqov atasının yerinə gələnə qədər Çeçenistan hökumətinin məktəbəqədər təhsil üzrə komitəsinin sədri olub.

A.Çerxiqov Kadırovun bacısı Zarqan Kadırovanın oğludur.

Qeyd edək ki, Çeçenistanda əsas vəzifələri Kadırovun övladları və qohumları tuturlar. Hazırda respublikada idman naziri vəzifəsini onun oğlu Axmat Kadırov, gənclərin işləri üzrə nazir vəzifəsini kürəkəni Ramzan Vismuradov, administrasiya rəhbərinin birinci müavini vəzifəsini Xadicat Kadırova, özünün təhlükəsizliyinin təmini idarəsinin rəisi vəzifəsini 17 yaşlı oğlu Adam Kadırov icra edir.

Əliyar Xəlil
Globalinfo.az