“Bəzi media orqanlarında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədovaya Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə tətbiq olunması barədə yayılan məlumat tamamilə əsassızdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
“İDDO Psixi Sağlamlıq Proqramı” adlı hər hansı ictimai birlik dövlət qeydiyyatında mövcud deyil. Media orqanlarından hər hansı qurumla bağlı məlumat paylaşarkən həmin qurumla dəqiqləşdirmə aparmaları xahiş olunur”, – Xidmətdən bildirilib.
Qeyd edək ki, “İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edildiyinə və onun 2 min manat məbləğində cərimə olunduğuna dair məlumatlar yayılıb.
***13:47
“İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edilib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) üzrə rəsmiləşdirilib.
Qərara əsasən, Jalə Əhmədova 2 min manat məbləğində cərimə olunub.
Bildirilib ki, İctimai Birlikdə çalışan əməkdaşlardan biri əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.
Xidmət məsələ ilə əlaqədar İctimai Birliyə rəsmi məktub ünvanlayaraq, şikayətdə adı çəkilən vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim olunmasını tələb edib.
Lakin göstərilən müddət ərzində həmin sənədlər Xidmətə təqdim edilməyib.
Bu səbəbdən də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib.