İsveçrədə yaşayan azərbaycanlı QHT sədri: “Qərbdə Azərbaycanı eşidəcəklər, geci-tezi var”

İsveçrədə yaşayan azərbaycanlı QHT sədri: “Qərbdə Azərbaycanı eşidəcəklər, geci-tezi var”

Globalinfo.az İsveçrədə fəaliyyət göstərən Xəzər-Alp Cəmiyyətinin (Caspian-Alpine Society) sədri Məryam Qulamova Karabekiroğlu ilə müsahibəni təqdim edir.

– Məryam xanım, təşkilatınızdan qısaca bəhs edərdiniz. Belə bir təşkilatı yaratmaq zərurəti haradan doğdu və niyə məhz İsveçrədə?

– Cəmiyyətimiz İsveçrə ilə Azərbaycan arasında əməkdaşlığı və dialoqu gücləndirmək məqsədilə yaradılmış bir QHT-dir. Baş qərargahımız Sürixdə yerləşir. Öz rolumuzu Alp regionu ilə Xəzər hövzəsi arasında körpü olmaqda görürük. Missiyamızın qısa təsviri kimi bunları deyə bilərəm. Eyni zamanda, biz siyasi, iqtisadi, sosial və humanitar-mədəni aspektləri araşdıran və İsveçrənin vətəndaş cəmiyyəti, siyasi dairələr, iş dünyası, media və akademik çevrələri ilə qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənmiş düşüncə mərkəzi kimi də fəaliyyət göstəririk.

İsveçrədə yaşayan azərbaycanlı QHT sədri: “Qərbdə Azərbaycanı eşidəcəklər, geci-tezi var”

Caspian-Alpine Society-nin qurulması fikrinə gəlincə, icazənizlə bir qədər geridən başlayım. Üç ilə yaxındır İsveçrədə yaşayıram. Ailə vəziyyətimlə bağlı bu ölkəyə yerləşmişəm. İctimai sferaya olan yaxınlığım isə 2000-ci illərin ortalarına qədər uzanır. O dövrdən Azərbaycanda QHT-lərdə, media, bələdiyyə orqanları, özəl və dövlət sektorlarında fəal olmuşam. Türkiyədə isə 10 ilə yaxın müxtəlif şirkətlər, o cümlədən dövlət korporasiyalarında işləmişəm.

İsveçrəyə yerləşdikdən sonra buradakı soydaşlarımızla aramızda qısa zamanda təbii şəbəkəmiz yarandı. Düşüncələrimizi, ideyalarımızı bir-birimizlə bölüşməyə başladıq. Xəzər bölgəsinin strateji əhəmiyyəti, bölgə ilə Avropa dövlətləri arasındakı əlaqələr, bölgəmizdəki dinamika haqda apardığımız müzakirələr bizi belə bir mərkəzin yaranması ideyasına gətirdi.

– Sadaladığınız məqsədlərə çatmaq üçün fəaliyyətinizdə hansı vasitələrdən istifadə etməyi düşünürsünüz? Sirr deyil ki, həm sahənin özü, həm də qarşıya qoyduğunuz məqsədlər kifayət qədər resurs tələb edir.

– Çox yerində sualdır. Həqiqətən məsuliyyətli, həm maddi, həm də insan resursları tələb edən fəaliyyət sahəsidir. Ancaq Azərbaycanın Xəzər hövzəsi regionunda vacib ölkə olması, enerji resursları və nəqliyyatı baxımından strateji əhəmiyyəti işimizi asanlaşdıran faktordur. Bu mənada İsveçrədə tərəfdaş tapmaqda, ən azından başa düşülməkdə çətinlik çəkməyəcəyik. Yaşadığımız ölkədə Azərbaycanın doğru-düzgün, şablonlarsız və stereotiplərsiz anlaşılmasına töhfə verə biliriksə, deməli,  missiyamızı yerinə yetirmişik. Dünyada hadisələrin artıq gündəlik rejimdə də yox, saatbaşı dəyişməsi, turbulentlik, böhranlar yeni baxışlara, nəzər nöqtələrinə ehtiyac yaradır. Biz də bu siyahıya qoşulmağa iddialıyıq və inanırıq ki, düşüncə mərkəzlərinin sayı heç vaxt artıq olmur.

Hansı vasitələrdən istifadə edəcəyimizə gəlincə isə, əsas fəaliyyət istiqamətimiz olan analitik mərkəzdən əlavə, inteqrasiya layihələri də həyata keçirməyi, İsveçrə və qonşu ölkələrdə ictimai sorğular keçirməyi, konfranslar və seminarlar təşkil etməyi planlayırıq. Eyni zamanda diasporadakı soydaşlarımızın potensialını açmağı, onları dəstəkləməyi, sinergiya yaratmağı da prioritet istiqamət sayırıq. Bizim yanaşmamız belədir ki, yaşadığın ölkənin, coğrafiyanın intellektual diskursuna qoşulduğun, səsini duyurduğun dərəcədə inteqrasiya olunmuş sayılırsan. Bizim məqsədimiz də budur – dar çərçivələrdən çıxmaq, yaşadığımız cəmiyyətlə bütünləşmək, hadisələrə böyük baxmaq. Bunun üçün də istər diaspora, istərsə də Azərbaycandakı təşkilatlarla, bütün dərin vizyon sahibi soydaşlarımızla əməkdaşlıqdan ancaq məmnun olarıq.

– Düz başa düşdümsə, siz həm də diaspor təşkilatı kimi fəaliyyət göstərirsiniz?

– Klassik mənada diaspora təşkilatı demək olmaz. Bir az fikrimi açıqlayım ki, səhv anlaşılma olmasın. “Klassik mənada” deyəndə, bizdəki populyar yanaşmanı, diasporanın necə başa düşülməsini nəzərdə tuturam. Xaricdə uğur qazanmış azərbaycanlı xəbərini eşidəndə “Azərbaycan üçün nəsə edibmi?” deyə düşünürük. Bu, bizim üçün çox vacib meyardır. Halbuki, həmin soydaşımızın Azərbaycan üçün xüsusi nəsə etməsi gərəkmir – əgər yaşadığı ölkədə, öz sahəsində müəyyən bir səviyyəyə çatıbsa, söz sahibidirsə, təsir imkanına malikdirsə – avtomatik olaraq Azərbaycan üçün nəsə etmiş sayılır. Demək istədiyim odur ki, idealizm, romantizm kimi həyatımıza rəng qatan amillər rasionallıqla qoşa addımlamalıdır.

Diasporadan söz düşmüşkən, ədalət naminə deməliyəm ki, azərbaycanlılar prinsipcə inteqrasiya problemi olmayan, xüsusilə Avropa dəyər və qanunları ilə konfliktə girməyən, həmin dəyərlərlə harmoniya içində yaşayan, bu dəyərləri özümsəyə bilən işgüzar, alicənab, mədəni insanlardır.

– Məryam xanım, İsveçrə kimi birbaşa demokratiyanın, neytrallığın beşiyi sayılan ölkədə sizin arqumetləriniz eşidiləcək, yanaşmanız qəbul görəcəkmi? İllər, hətta onillərdir əsas problem bu deyilmi? Qərbdə bizi eşitmək istəmirlər.

– Eşidəcəklər, geci-tezi var. Ümumiyyətlə, bugünkü Azərbaycan çox maraqlı ölkədir. Hər şeydən əvvəl gənc bir dövlət olduğunu nəzərə almalıyıq. Yeni texnologiyalara açıq, daim inkişafa can atan, sekulyar bir dövlət. Bu gün Azərbaycanı dünyanın müxtəlif regionlarında, müxtəlif analitik mərkəzlərdə diqqətlə izləyir, araşdırırlar. Biz, kənardan xeyli iddialı, özünə arxayın dövlət təsiri bağışlayırıq. Əslində olan da budur. Bu da kimlərdəsə simpatiya yaradır, kimlərdəsə antipatiya. Amma Azərbaycanın başqa çarəsi də yoxdur – imkanları, resursları, yazılmış və yazılmamış qanun və qaydalara riayət etməsi ilə öz iddiasını möhkəmləndirən dövlət kimi sözünü deməyə məcburdur. Səbəbi sadədir – sən iddialı olmasan, səndən iddialı olanlar üzərində dominant olmaq istəyəcəklər.

Hazırki mənzərə belədir ki, kollektiv Qərb deyilən bu şərti coğrafiyanın özü də ağrılı formatlanma prosesindən keçir. Artıq öz oyun qaydalarını təklif edən, güclənmiş, özünə arxayın ölkələrlə münasibətlərdə əvvəlki formatlar, əzbərlər, mentor dili işləmir. Qərb ətalətlə köhnə alətlərdən istifadə etdikcə böhranlar yaranır, hər şey daha da qəlizləşir. Azərbaycan isə deyir ki, bunlar artıq köhnəlib, növbəti addımı atmalısınız. Doqmalar ziyanlıdır, istənilən ideya doqmaya çevriləndə təhlükə saçmağa başlayır. Gəlin dialoqla, əməkdaşlıqla bir-birimizi daha yaxşı başa düşməyə çalışaq.

Globalinfo.az