Almaniyada ilin əvvəlindən etibarən istilərə görə təxminən 10 min insan ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutu (RKI) məlumat yayıb.
“İyulun 19-na olan məlumata görə, Almaniyada istilərlə əlaqəli ölüm hallarının sayı 9,8 minə çatıb. Ölümlərin böyük hissəsi iyunun sonunda, ölkədə temperaturun 40 dərəcəyədək yüksəldiyi ekstremal isti dalğası zamanı qeydə alınıb”, – deyə bildirilib.
Araşdırmanın müəllifləri qeyd ediblər ki, ölüm hallarının əksəriyyəti yüksək temperaturun insanlarda mövcud olan xroniki xəstəliklərlə birlikdə yaratdığı təsir nəticəsində baş verib.
Anomal istilərdən ən çox 85 yaş və yuxarı qadınlar zərər çəkib. Mütəxəssislər bunu yaşlı insanlar arasında qadınların sayının kişilərdən çox olması ilə izah ediblər.
Qeyd edək ki, iyunun sonunda Avropada müşahidə olunan ekstremal isti hava dövrünün bir günündə 60 temperatur rekordu qeydə alınıb. Böyük Britaniya, Çexiya, Slovakiya, Monteneqro, Serbiya, Rumıniya, Albaniya, Polşa, Xorvatiya, Macarıstan, Niderland, İsveçrə, Lüksemburq, İsveç, Danimarka, Fransa, Almaniya, Avstriya və İtaliyada rekord yüksək temperatur göstəriciləri qeydə alınıb.
Əliyar Xəlil
Globalinfo.az