İsraillə münasibət qurmağımız İranı nədən özündən çıxarır? – Politoloq əsas səbəbi göstərdi

İran parlamenti Azərbaycan əleyhinə bəyanat qəbul etdi. İran parlamentinin 210 fars deputatı bəyanat qəbul edərək İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib. Onlar İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik “tədbirlər görməyə” səsləyib.

Görünən budur ki, İran Azərbaycanla konfrontasiya yolundan geri durmaq istəmir. Əksinə, münasibətləri daha da gərginləşdirmək xətti seçir. Əsas bəhanəsi də Azərbaycanın İsraildə səfirlik açmasıdır.

Maraqlıdır, Azərbaycanın İsraillə diplomatik münasibət qurmağı İranı nədən bu qədər özündən çıxarır?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elşən Məcidov deyib ki, İran parlamentinin Azərbaycan ilə bağlı qəbul etdiyi istənilən qətnamənin heç bir siyasi hüquqi əhəmiyyəti yoxdur:

Elşən Məcidov

“İran avtoritar teokratik ölkədir. Belə ölkələrdə parlament ciddi rola malik deyil. Verdiyi qərarlar da formal xarakter daşıyır. Hətta bu gün İranın xarici siyasət kursunu təyin etməklə mükəlləf olan Xarici İşlər Nazirliyi belə funksiyasını icra etmir. İran xarici siyasətini faktiki olaraq SEPAH təyin edir. Əksər vacib qərarlar SEPAH-da qəbul edilir.

Nəzərə alsaq ki, son zamanlar SEPAH-dan ölkəmizə gələn hədələrin ardı-arası kəsilmir, İran parlamentinin qəbul etdiyi qətnaməni ciddiyə almaq lazım deyil”.

Politoloq son zamanlar İranın Azərbaycana qarşı ardıcıl təxribatlar həyata keçirməsi haqda danışıb:

“Birincisi, Azərbaycan 30 il ərzində Ermənistanla Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışırdı. Münaqişənin həllini tapmaması rəsmi Bakının başını qarışdırır, xarici siyasətdə əlavə vektorlar təyin etməsinə əngəl yaradırdı. Qarabağ münaqişəsinin həll edilməsi Azərbaycan üçün yeni siyasi vektorların təyin edilməsi zərurətini ortaya qoyur. Bu isə İranı ciddi şəkildə narahat edir.

İkincisi, Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlər bərpa edildi. Bu həm də rəsmi Ər-Riyadın İsrailin yaratdığı antiiran koalisiyasını tərk etməsi deməkdir. Səudiyyə Ərəbistanı bu koalisiyanın əsas maliyyə dəstəkçisi idi. Tehran ilə Ər-Riyad arasında münasibətlərin normallaşması İranın əl-qolunu açır.

Üçüncüsü, Türkiyədə bir müddət öncə baş verən dəhşətli zəlzələ rəsmi Ankaranın xarici siyasətdə bir qədər passivləşməsinə gətirib çıxartdı.

Bunu İran da yaxşı başa düşür və buna görə vaxtaşırı təxribatlar ilə Ankaranın nəbzini yoxlamağa çalışır. Misal üçün, İran döyüş təyyarəsinin bir müddət öncə sərhədlərimizdə təxribat uçuşları həyata keçirməsi bunun ən yaxşı örnəyidir”.

Turan Rzayev
Globalinfo.az