İsrailin əlində kəşfiyyatda istifadə etdiyi 3 güclü süni intellekt həlli var. Biri “Gospel”, biri “Lavender”, biri də “Dədən haradadır?”
Globalinfo.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabında paylaşımında qeyd edib.
O bildirib ki, “Gospel” adətən infrastrukturları analiz edir:
“Peyk və dronlardan gələn vizual məlumatları, siqnal kəşfiyyatını və digər texniki məlumatları daimi şəkildə toplayır və təhlil edir. Sistem öz daxilində bir məlumat bazası qurur və analizlərə əsaslanaraq potensial hərbi hədəflər çıxarır. Nəticədə bu təkliflər insan analitiklərə təqdim olunur və son qərar insan tərəfindən verilir.
“Lavender” isə insan yönümlüdür. Telefon danışıqları, əlaqə siyahıları, GPS və mobil trafiki kimi şəxsi məlumatları təhlil edir. Şəxsin kimlərlə və nə qədər sıx əlaqədə olduğunu müəyyən edir və terror qrupları ilə əlaqə ehtimalını hesablayır. Sistem 100 ballıq risk qiymətləndirməsi ilə şübhəli şəxsləri sıralayır. Bu şəxslər çox zaman insan təsdiqi olmadan hədəfə çevrilə bilər.
3-cü ən dəhşətli süni intellekt isə “Dədən haradadır?” – “Where is Daddy?” sistemidir. Bu AI “Lavender”dən gələn məlumatlar əsasında hədəf təyin edir. Bu sistem müəyyən olunmuş hədəf şəxsi izləyir və onun nə vaxt evdə olduğunu müəyyən edir. Hədəf evə daxil olduqda, sistem dərhal hücum zamanlaması üçün siqnal verir. Məqsəd, şəxsi ailə üzvləri ilə birlikdə evdə olduğu an vurmaqdır – bu isə həm effektivliyi artırır, həm də ciddi etik suallar doğurur”.
“Bu sistemlər, xüsusilə “Lavender” və “Where’s Daddy?”, beynəlxalq insan hüquqları təşkilatları tərəfindən kəskin tənqid olunur. Mülki şəxslərin həyatına olan təhlükə, şəffaf olmayan qərar mexanizmləri və məsuliyyətin süni intellektə ötürülməsi ciddi narahatlıq doğurur. Qəzzadakı əməliyyatlarda bu sistemlərdən istifadənin onlarla mülki şəxsin həlak olmasına səbəb olduğu bildirilir, – F. Pərdəşünas yazıb.














