İsrail nazirini Bakıya gətirən əsas səbəb – Gərginlik fonunda bu səfərin önəmi

“Son otuz il ərzində Azərbaycanla İsrail arasında dövlətlərarası dostluq münasibətləri əksər beynəlxalq məsələlər üzrə qarşılıqlı anlaşmaya əsaslanmış strateji ittifaq səviyyəsinə çatıb. Müdafiə sahəsindən tutmuş enerji sektorunadək möhkəm əlaqələr yaradılıb. Bu gün iki ölkə müxtəlif sahələr üzrə ticarəti və əməkdaşlığı keyfiyyət baxımından yeni səviyyəyə çıxarmaq üçün bütün səyləri göstərirlər”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva İsrail xarici işlər naziri Eli Kohenin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, 2022-ci ilin noyabrında Azərbaycan Təl-Əvivdə səfirlik açmaq barədə tarixi qərar qəbul etdi:

“Diplomatik missiyanın açılması qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir və möhkəm diplomatik körpülərin salınması üzrə səylərin nəticəsidir. 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanla İsrail arasında əmtəə dövriyyəsi 334,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,36 faiz çoxdur. Azərbaycanın əmtəə dövriyyəsində bu ölkənin payı 4,66 faiz təşkil edib. Bununla belə, İsrailin Azərbaycandakı səfiri Corc Dikin sözlərinə görə, Azərbaycanla İsrail arasında əmtəə dövriyyəsinin bu il ikiqat artacağı gözlənilir.

Züriyə Qarayeva

İsrailin xarici işlər naziri Eli Kohenin 18-19 aprel tarixlərində Azərbaycana səfəri sürətlə inkişaf edən ikitərəfli münasibətlərin daha bir sübutudur. Hesab edirəm ki, İsrail XİN-in Bakıya səfəri diplomatik əlaqələrin daha da genişləndirilməsi, yeni sənədlərin imzalanması ilə əhatə olunmaqla yanaşı, burada İran faktoru da gözardı edilməməlidir. Suriyada Təl-Əviv-Tehran qarşıdurmasının yaşanması, Qərbi Asiyada toqquşmaların artması, Livan və Qəzza zolağından İsrailin atəşə tutulması, bu xüsusda İsrail-İran müharibəsinin başlaması ilə bağlı proqnozların səsləndirilməsi Bakıdakı görüşün əhatəli olacağından xəbər verir. İran PUA-larının Ermənistanla Azərbaycan sərhəd xəttində məhz hərbi eskalasiyanın yaşandığı vaxt havaya qalxması İsrail tərəfdən İslam Respublikasına qarşı ortaq preventiv addımlar atılması təklifini gündəmə gətirə bilər”.

Turan Rzayev
Globalinfo.az