Paşinyan 109 illik “şou”dan imtina edir? – Əsas silah itirilir…

24 aprel tarixinə sayılı günlər qaldığı bir məqamda müzakirə edilən məsələlərdən biri də Ermənistanın qondarma “erməni soyqırımı” (1915-ci il hadisələri – red.) iddialarından geri çəkilib-çəkilməyəcəyidir. Bir qədər əvvəl Ermənistan konstitusiyasına dəyişikliklə bağlı müzakirələrdə İrəvanın Türkiyəyə qarşı iddialarından imtina etməsi versiyası da gündəmə gəlmişdi. Burada saxta “soyqırımı” məsələsi barədə də fikirlər səsləndirilmişdi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Akif Nağı deyib ki, qondarma “erməni soyqırımı” uzun illər Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunub:

“Müəyyən dövlətlər Ankaraya təzyiq etmək üçün ermənilərdən, qondarma “soyqırım”dan alət kimi istifadə ediblər. Uzun müddət ABŞ Prezidenti Co Baydenin ənənəvi aprel çıxışında bu hadisəni “soyqırımı” adlandırıb-adlandırmayacağı ilə bağlı müzakirələr gedirdi. Baydenin qərəzli çıxışı da Türkiyəyə zərər verə bilmədi”.

Politoloq Türkiyənin öz mövqeyini saxladığını, həmin iddiaların yanlışlığını göstərdiyini bildirib:

“ABŞ-ın bu “soyqırımı” tanıması ilə vəziyyətin dəyişəcəyini, Ankaraya qarşı maddi təzminat iddiaları irəli sürüləcəyini, iqtisadiyyatının çökəcəyini düşünürdülər. Bu cəhdlərin qarşısı uğurla alındı”.

A.Nağı qeyd edib ki, hazırkı Ermənistan hakimiyyəti Türkiyəyə qarşı hansısa kampaniyaların aparılmasının zərərli olduğunu anlamalıdır:

“Nəzərə alaq ki, rəsmi İrəvan Ankara ilə münasibətlərdə, sərhədlərin açılmasında maraqlıdır. İqtisadiyyatı olmayan Ermənistan Türkiyədən asılılığı qəbul etmək istəyir. Nikol Paşinyan bu yolda maneə ilə qarşılaşmamaq üçün saxta “soyqırımı” iddialarından geri çəkilməyə cəhd edə bilər”.

Safura Bənnayeva
Globalinfo.az