İsrail müdafiə nazirinin Bakıya qəfil səfərinin iki sirri – Nə baş verir?

İsrailin müdafiə naziri bu gün Azərbaycana səfər edəcək. Səfərin məqsədinin ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirmək olduğu deyilir.

Səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir. Bundan başqa, Yoav Qallantın Prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və dövlət sərhəd xidmətinin rəhbəri ilə görüşməsi gözlənilir.

Terrora cəhd edilən sirli səfirlik

Yoav Qallantın Azərbaycana səfərinin indiki məqamda baş tutması diqqət çəkir. Məsələ ondadır ki, 10 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşını saxladığını açıqladı. Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

DTX-nin məlumatında qeyd edilir ki, adıçəkilən əcnəbi şəxs qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

DTX nə saxlanılan şəxsin hansı ölkədən gəldiyini, nə də hansı səfirliyin hədəfdə olduğunu açıqlayıb. Bununla belə, izlər həmin şəxsin İrandan ölkəmizə keçdiyini, terror törətmək istədiyini, hədəfin isə İsrail səfirliyi olduğunu göstərir.

Belə ki, DTX-nin yaydığı videoda şəxsin saxlanıldığı ərazi, habelə ələ keçirilən dəftərdə qeyd edilən obyektlərin yeri və s. hücumun İsrail səfirliyinə ediləcəyini deməyə əsas verir.
İsrail mediasında da bu istiqamətdə ardıcıl yazılar tirajlanır. Hadisədən iki gün sonra İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfər etməsi də bu baxımdan diqqət çəkir.

Düzdür, müdafiə nazirinin səfəri bu hadisə ilə bağlı olmaya da bilər, lakin səfər zamanı keçiriləcək görüşlərdə bu məsələ mütləq müzakirə ediləcək. Qeyd etmək lazımdır ki, bir müddət öncə Pakistan vətəndaşı İsrailin Yunanıstandakı nümayəndəliyinə hücuma cəhd etmiş, lakin o da buna nail ola bilməmişdi.

“Qisas-3”, yoxsa antiterror əməliyyatları?

İsrail müdafiə nazirinin ölkəmizə səfərinin bir digər diqqətçəkən məqamı həm Ermənistan-Azərbaycan şərti dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təxribatların intensivləşdiyi zamanda baş tutmasıdır.

Rəsmi Bakı bir müddət öncə “Qisas-2” əməliyyatı ilə qarşı tərəfə gözdağı verdi. Qarşıdan Brüssel görüşü gəlir. Bununla paralel olaraq rəsmi Bakı “Qisas-3” və antiterror əməliyyatlarının da anonsunu verir. Mümkündür ki, Brüssel görüşü də Vaşinqton və Kişinyov görüşləri kimi uğursuz olsa, Bakı daha adekvat tədbirlər görsün.

Bütün bunların fonunda Yoav Qallantın Azərbaycana səfərini həm Təl-Əvivin Bakıya dəstəyi, həm də mövcud vəziyyətin dəyərləndirilməsi kimi qiymətləndirmək olar.
Qallantın görüşəcəyi şəxslər arasında müdafiə naziri və DSX rəisinin də olması bunu deməyə əsas verir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı