İsrail istəyinə çatdı, Tramp narazıdır – Netanyahunun yeni Xamenei “arzusu”

İsrail istəyinə çatdı, Tramp narazıdır - Netanyahunun yeni Xamenei "arzusu"

İsrailin Baş naziri Benyamin Netanyahunun 7 iyulda ABŞ-a səfəri və Prezident Donald Trampla görüşü bir çox baxımdan diqqət çəkdi. Məlumata görə, Netanyahu İrana yenidən  hava zərbələrinin endirilməsi ssenarisini nəzərdən keçirir. Baş nazir Trampla görüşündə də bu mövzu ətrafında müzakirə aparıb.

Onun İrana 12 günlük müharibədən daha şiddətli hücum həyata keçirməyi planladığı bildirilir. Məlumata görə, hətta Tramp və Netanyahu görüş zamanı İranın Ali Rəhbəri Seyid Əli Ayətullah Xameneinin qətli məsələsini müzakirə ediblər.

İsrail mövcud geosiyasi reallıqda İrana yenidən hücum edə bilərmi? ABŞ-ın buna reaksiyası necə olacaq?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Kənan Röyşənoğlu bildirib ki, Netanyahu ilin əvvəlindən bu yana ABŞ-a sayca üçüncü səfərini edib:

“İsrailinin baş nazirinin ABŞ prezidenti ilə görüşünün iki əsas mövzusu əvvəldən müəyyən olunmuşdu. Netanyahu Trampla İran və Qəzzada atəşkəs mövzusunu müzakirə edib. Bu səfər İsrail lideri üçün siyasi triumf hesab olunur. Çünki o, məhkəmə çəkişməsi və ciddi korrupsiya ittihamları fonunda İranla müharibəyə başlamaq və ABŞ-ı bu münaqişəyə cəlb etməklə faktiki siyasi uğur qazanıb.

İsrail istəyinə çatdı, Tramp narazıdır - Netanyahunun yeni Xamenei "arzusu"
Kənan Rövşənoğlu

Tramp üçün isə Qəzzada atəşkəs çox vacibdir, çünki onun vədlərinə baxmayaraq, sülh istiqamətində heç bir irəliləyiş əldə olmayıb. Nə Ukraynada müharibə dayandırılıb, nə İranla anlaşma əldə olunub, nə də Qəzzada sülh bərqərar edilib. Buna görə Tramp Netanyahunu atəşkəsə məcbur etmək istəyir.

Həmçinin liderlərin gözlənilən növbəti görüşündə İranla bağlı növbəti addımlar müzakirə olunacaq. Görünür, ilk görüşdə gözlənilən nəticələr əldə edilməyib və buna görə ikinci görüşə ehtiyac yaranıb”.

Turan Rzayev
Globalinfo.az