İsrail-HƏMAS qarşıdurması fonunda dünyanın müxtəlif regionlarda dondurulmuş münaqişələr də aktivləşməyə başlayıb. Bu münaqişələrdən biri Pakistan ilə Hindistan arasındakı Kəşmir münaqişəsidir. Belə ki, son günlər Hindistanın Sərhəd Mühafizə Xidmətinin bölmələri Pakistanın Kəşmir bölgəsindəki mövqelərini atəşə tutur. Baş verən insidentlər zamanı hər iki tərəfdən də itkilər var.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ümumiyyətlə, proseslər onu göstərir ki, dünyadakı münaqişəli olacaqlar yenidən alovlanır:
Kənan Novruzov
“Bu, özünü müxtəlif regionlarda göstərir. Görünür, hansısa “gizli əl” prosesdə maraqlıdır. Məsələ ondan ibarətdir ki, belə toqquşmalar adətən böyük güclərin öz maraqlarını təmin etmələri üçün ideal şərait yaradır. Əvvəl də dediyimiz kimi, hazırda dünyanın siyasi xəritəsinin dəyişməsi prosesi başlayıb və davam edir. Bu gün davam edən savaşların yekununda dünyanın siyasi xəritəsi dəyişəcək.
Pakistanla Hindistan arasında davam edən döyüşlər bir neçə günə başa çatarsa, bunu sadəcə sərhəd toqquşması kimi qiymətləndirmək olar. Əks halda Yaxın Şərq və Şərqi Avropadakı duruma bənzər vəziyyət yaranacaq. Bütün bunların nəticəsində qütbləşmə sürətlə artacaq, böyük güclər öz mövqelərini ortaya qoyacaq, açıq-aydın tərəf tutacaqlar. Bu isə Üçüncü Dünya müharibəsi deməkdir”.
Turan Rzayev
Globalinfo.az














