Tehranın qəzəbi soyumur – İran-İsrail müharibəsi qapıda?

Tehranın qəzəbi soyumur - İran-İsrail müharibəsi qapıda?

İranın Kirman şəhərində Qasım Süleymaninin anım mərasimində törədilmiş terror aktları  regiondan növbəti gərginlik riski yaradır. Hadisədən sonra İsraili günahlandıran İran rəsmiləri Təl-Əvivə müvafiq cavab veriləcəyini açıqlayın.

Diqqətçəkən digər məqam isə İŞİD-in Kirman şəhərindəki terrorun məsuliyyətini üzərinə götürməsi oldu.

Maraqlıdır, İŞİD-in məsuliyyəti üzərinə götürməsi İran-İsrail gərginliyini azaldacaqmı? Regionda İsrail-İran müharibəsi baş verə bilərmi? ABŞ və Qərb prosesə necə müdaxilə edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, bu hadisə İranda islam inqilabından sonra baş verən ən qanlı terror aktıdır:

“Düz 4 il əvvəl Süleymani İraqda ABŞ-ın aviazərbələri nəticəsində həlak olmuşdu. Süleymaninin anım günündə onun məzarının yaxınlığında törədilən partlayışlar İrana 4 il əvvəli xatırlatmaq məqsədi daşıyır.

İran hadisəni terror aktı kimi qiymətləndirir, onun rəqibi ABŞ isə məsuliyyəti İŞİD-in üzərinə atır. İranın düşmən elan etdiyi İsrail partlayışlara görə məsuliyyət daşıması üçün heç bir səbəb görmür və ABŞ da Təl-Əvivdən anonim mənbələrlə mediaya ötürdüyü bu mövqeyi dəstəkləyir. Lakin indiyədək İran rəsmi şəkildə İsraili günahlandırmayıb. Bununla belə, yüksəksəviyyəli rəsmilər qanlı hadisəyə görə “sərt cavab” vəd ediblər.

Tehranın qəzəbi soyumur - İran-İsrail müharibəsi qapıda?

Göründüyü kimi, məsuliyyət bölgüsündə informasiya fonu yaradılır, lakin həqiqətən də İranın mürəkkəb siyasi quruluşu, təhlükəsizlik boşluqları və rəqiblərinin çoxluğu mənzərəsində terrorun əsl səbəbkarlarını müəyyən etmək çətindir”.

Ekspertin sözlərinə görə, İranda bu il Parlament və Ekspert Assambleyası seçkiləri keçiriləcək:

“Bu iki mühüm seçki fonunda ölkənin təhlükəsizlik mühitində neqativ tendensiyalar məqsədyönlü şəkildə davam etdiriləcək. Deməli, qanlı hadisə İranın hərbi-siyasi və ruhani elitasındakı seçkiöncəsi “didişmələrlə” yanaşı, həm də Tehranın xarici siyasət izləri ilə əlaqəli şəkildə başvermə ehtimalını gücləndirir.

Tehranın qəzəbi soyumur - İran-İsrail müharibəsi qapıda?

Aqşin Kərimov

Hər halda İran son sui-qəsdlərə və terror hücumuna adekvat cavab verməsə, bu, Tehrana qarşı növbəti zərbələrə səbəb ola bilər. Terrorun ardından ölkədə tüğyan edən sosial-iqtisadi problemlər də yenidən gündəmdə ağırlıq təşkil edə və növbəti genişmiqyaslı etiraz dalğası başlana bilər”.

Turan Rzayev
Globalinfo.az