“İsa Qəmbəri özümə rəqib bilmirəm” – Tural Abbaslı meydan oxudu

Globalinfo.az AĞ Partiya başqanı Tural Abbaslı ilə müsahibənin üçüncü hissəsini təqdim edir.

Əvvəlki hissə burada: “Müavinlərimdən istənilən biri Sahil Babayevdən daha yaxşı nazir olar” – Tural Abbaslı

– Müsavatdan ayrılandan sonra partiya ilə əlaqəniz qalırmı?

– İsa Qəmbər mənim keçmiş rəhbərim olum. Uzun illər bir partiyada olmuşuq. Bu gün də ona bir insan kimi hörmətlə yanaşıram. Yəni mənim onunla heç bir problemim yoxdur.

AĞ Partiyanın Müsavat ilə münasibətlərini mən müəyyən etmirəm. Bu daha çox onlardan asılıdır. Yəni dünənə qədər onlar ilə bir yolda idik, bu gün isə yollarımız ayrılıb. Bu bütün hallarda bizi düşmən etmir. Mən toyuma belə İsa bəyi dəvət etmişəm. Yəni böyük-kiçik yerini bilirəm.

Ümumiyyətlə mən hörmət çərçivəsində yanaşmanın tərəfdarıyam. Sabah İsa bəy ilə debata çıxsam yenə də böyük-kiçik yerini biləcəm. Lakin rəqibim olaraq da tənqidimi edərəm.

– İsa Qəmbəri rəqib hesab edirsiniz?

– Xeyir. Heç bir mənada nə İsa Qəmbəri, nə də Müsavat partiyasından kimisə rəqib hesab etmirəm.

– Sizcə, Müsavat Partiyasının buraxdığı əsas səhvlər hansılardır?

– Bilirsiniz, hərənin özünə görə səhv və ya doğru anlayışı var. Yəni mənim səhv dediyimə onlar səhv deməyəcək. Misal üçün, deyirdilər ki, təmizlənirik. Onlara görə bu proses düzdür. Mən Müsavatda ən populyar, üç adamdan biri idim. Öz yerimi niyə dar elədim? Niyə mənə qarşı birdən-birə səlib yürüşü başladı?

Məsələn, bir nümunə gətirim. Müsavat Partiyasında Qubad İbadoğlu, İsa Qəmbər, Arif Hacılı, Vurğun Əyyub, Sülhəddin Əkbər demək olar ki, hamısı ayrı-ayrı qütblərdə idi. Amma mənə qarşı hamısı birləşdi. Çünki mən sözümü deyirdim və onlara yanlışlarını göstərirdim.

– AĞ Partiyanın Müsavat Partiyasındakı Tural Abbaslısı kimdir?

– Çalışıram ki, belə bir şəxs olmasın.

– İstəmirsiniz ki, sizi tənqid edən biri olsun?

– Mən tənqidə qarşı deyiləm. Deyilən tənqidlərə qulaq asıramsa, Tural Abbaslı formalaşa bilməz. Mən tənqidləri, iradları eşidir, nəzərə alıram.

– Belə başa düşürəm ki, AĞ Partiya daxilində sizə tənqidlər olur…

– Əlbəttə. Müxtəlif mövzular ətrafında olur.

– Siz də Müsavat Partiyasındakı kimi sizə irad bildirən, tənqid edən insana qarşı kinlənirsiniz?

– Bilirsiniz, məqsəd partiyanın irəli getməsidirsə əlbəttə ki, mən həmin tənqidləri nəzərə alıram. “Burada mənəm, Bağdada kor Xəlifə” deməklə bir şey olmur.

Bütün bu prosesləri görə-görə hazırkı etapa gəlib çatmışam. Yaxşı bilirəm ki, təkliflərə, iradlara, tənqidlərə qulaq asmayanda sonda nə baş verir. “Partiyanın yeddi hərfi, adı mənə hakimiyyətə gəlmək üçün bəsdir” deyən təfəkkür var idi. Bu gün mən də desəm ki, “mənə bir AĞ Partiya, ya da Tural Abbaslı adı bəsdir, qalanını neyləyirəm” o zaman mən də tək qalaram.

Təbii ki, hər tənqidi də nəzərə almaq lazım deyil. Liderin funksiyası odur ki, səslənən bütün təklifə, tənqidə qulaq asıb onların içərisindən ən optimalını seçib, nəzərə almaqdır. Lider hər qərarı yox, son qərarı verəndir.

– İstərdim, bir qədər fərqli mövzuya keçək. Bildiyiniz kimi, “Siyasi partiyalar haqqında” Qanun qəbul olundu. Bir çox siyasi partiya liderlərindən fərqli olaraq siz bu qanuna etiraz etmədiniz. Yeni qanun sizin maraqlarınıza cavab verir?

– Bu gün istənilən insan gəlsin, qarşımda otursun, ən sadə formada Vatsap vasitəsi ilə ona 5000 üzvümüzü göstərərəm.

– Vatsapınızdakı 5000 üzv real göstəricidir?

– Bəli. Bizim üzv anketlərində üzvlər haqda ətraflı informasiya olur. Və mən bunu çox rahatlıqla istənilən adama göstərə bilərəm. “Siyasi partiyalar haqda” Qanun ona görə bizim maraqlara xidmət edir ki, özümüzə arxayınıq. Partiya nədir? Onun gücünü nə göstərir? Təbii ki üzvlər. Biz də deyirik, buyurun, gəlin və üzvlərinizi göstərin. Bizim bu məsələ ilə bağlı heç bir problemimiz yoxdur.

– Tural bəy, digər müxalif partiyalardan sizə birləşmək təklifi gələrsə, buna necə cavab verərsiniz?

– Bu haqda düşünməmişik. Kənardan hansı partiya gəlib bizə qoşulsa, bizə güc verər? Əksinə, gələn partiyalar günahlarını da özü ilə gətirəcək ki, bu bizə zərərdən başqa heç nə verməyəcək.

– Müsahibəmiz zamanı belə qənaətə gəldim ki, sanki siz rəqiblərinizi bir qədər küçümsəyir, hətta özünüzdən çox aşağı görürsünüz. Sizcə, bu onların sizdən inciməsinə səbəb olmayacaq?

– Qətiyyən. Heç kəsi özümdən aşağı görmürəm. Lakin məsələ inciməkdirsə, guya hansı bizdən inciməyib ki? AĞ Partiya yeni qurulanda jurnalistlərdən bizdən açıqlama almasını istəməyən partiyalar vardı. Hətta şərt qoyurdular ki, AĞ Partiya olan sayta, media qurumuna biz gəlməyəcəyik. Yəni bundan artıq nə edəcəklər?

İndi də onların münasibəti bizə maraqlı deyil. Necə deyərlər “Qonşuya arxayın olan, şamsız yatar”. Biz heç kəsin müttəfiqliyinə inanmırıq. Batsaq da, uğursuz da olsa bunu özümüz etmək istəyirik.

Azər Ayxan, Turan Rzayev

Globalinfo.az