İsa bulağında, Azərbaycanın sağlığına

İsa bulağında, Azərbaycanın sağlığına

Prezident yenidən Qarabağdadır. Mən hər dəfə bu xəbəri eşidəndə, yazanda, tələffüz edəndə beynimdə bu cümlə qurulur: İlham Əliyev Qarabağlıdır! Çünki “Qarabağ Azərbaycandır!”.

Prezident bu şüarı milli ideologiyaya çevirdi. Hədəf göstərdi. Və milləti bu düstur ətrafında toparlayıb Vətən savaşına getdi. Qarabağı Azərbaycan etdi. Azərbaycanı Qarabağlı etdi.

İlham Əliyev bu torpaqları qarış-qarış gəzir. Ev-ev, kənd-kənd, şəhər-şəhər qurur. Qarabağ camaatını ev-ev, kənd-kənd, rayon-rayon, şəhər-şəhər doğma yurdlarına qaytarır. Bu, İlahi missiyadır. Proseslərin içində olduğumuz üçün fərqində deyilik. Amma zaman gələcək, Azərbaycanın bu mərhələdə yaşadıqlarını tarixçilər, araşdırmaçılar xüsusi diqqətlə tədqiq edəcəklər.

İlham Əliyev Qarabağda olanda bir başqa əhvala bürünür. Ruh halı Bakıdakı ilə çox fərqlənir. Bütün millətin arzuladığı çin olub. Dualar gerçəkləşib. Həsrətlər gidərib. 28 il hamının dilindən yayılan “gün o gün olsun…” diləyi reallığa çevrilib. İlham Əliyevin və bütün azərbaycanlıların Qarabağa gedəndə ruh halının fərqli olmasının səbəbi budur: ümummilli duaların qəbul olunduğu, şəhid ruhlarının şadlandığı məkandır o torpaqlar. “Gün o gün olsun…”un “gün o gündür”ə çevrildiyi məkandır Qarabağ.

İsa bulağında, Azərbaycanın sağlığına

Prezidentin İsa Bulağında çay süfrəsi arxasında çəkilən fotosunu gördüm. İlham Əliyev bu gün – 5 iyul 2024-cü ildə Xocalıda olub, Xankəndiyə gedib, oradan Şuşaya qalxıb. Şuşadan İsa Bulağına enib. Məşhur mahnıda deyildiyi kimi: “Enək İsa bulağına”.

Qarabağda sözün coğrafi mənasında nə qədər enirsən, aşağı düşürsən, bir o qədər yüksəlirsən, böyüyürsən. Qarabağın dəniz səviyyəsi ilə bərabər bir qarış ərazisi belə yoxdur. Qarabağ dəniz səviyyəsindən çox-çox yüksəkdədir. O yüksəklik millətin o torpaqlara olan sevgisidir. Qarabağ azərbaycanlıların ülküsüdür. Vazkeçilməzidir. Ən zərif və ən güclü nöqtəsidir.

Vaxtilə erməni işğalçıları, müharibə caniləri şəhidlərin qanı ilə suvarılmış bu müqəddəs torpaqları şərab içərək, rəqs edərək, bizə yandıq verərək murdarlamaq istəmişdilər. Torpağı incitmişdilər. İndi İlham Əliyev ermənilərin şərab içib murdarlamağa çalışdıqları o yerləri məscidləri bərpa etməklə, məktəblər tikməklə, hətta çay içməklə paklaşdırır.

Prezident o çayı Azərbaycanın, Qarabağın sağlığına içir. Həm də bizim əvəzimizə, hər birimizin yerinə. Sağlıq olsun…

Azər Ayxan
Globalinfo.az