İrimiqyaslı müharibə ssenarisi: 4 milyonluq ordu hərəkətə keçir – Türklər…

“Krokus Siti Holl”da baş verən terror aktından sonra Rusiya Prezidenti Vladimir Putinin verdiyi mesajlar diqqət çəkir. Putin terror aktının əsas nəticələrinin Ukraynada hiss olunacağına eyham vurub.

“Hill” nəşri yazır ki, Putin teraktdan istifadə edərək Ukraynadakı müharibə üçün daha çox qoşun səfərbər etmək cəhdinə haqq qazandıra bilər. Çünki xəbərlərin əksəriyyətində Moskvaya hücumda Ukrayna, eləcə də ABŞ və Britaniya günahlandırılır.

Versiyalardan biri də bəşəriyyətin NATO və Rusiya arasında yeni irimiqyaslı müharibənin astanasında olması ilə bağlıdır.

Maraqlıdır, ehtimal müharibədə Rusiyaya neçə milyonluq ordu lazım olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Vladimir Putin Moskvadakı teraktdan Ukrayna müharibəsi üçün istifadə edəcək:

“Əslində, hələ hadisədən əvvəl bunun anonsu verilib. Belə ki, terror hücumundan əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “Ukraynada xüsusi əməliyyat müharibəyə keçib” ifadəsini işlədib. Yəni Moskva teraktı olsun ya olmasın, Rusiya ordusu Ukraynada əməliyyatların miqyasını genişləndirəcəkdi.

Bu hadisə Putinə daxili auditoriyanın, habelə müxalifətin dəstəyini qazandıracaq. Yəni məsələnin ümumrusiya maraqları kontekstində təqdim edilməsi təbii olaraq siyasi görüş fərqlərini aradan qaldıracaq. Lakin Rusiyanın işi o qədər də asan deyil. Məsələ ondadır ki, Rusiyaya genişmiqyaslı əməliyyat üçün azı 3-4 milyona yaxın canlı qüvvə lazım olacaq. Bu qədər insanın müharibəyə cəlb edilməsi isə iqtisadiyyata, demoqrafik vəziyyətə, daxili siyasətə təsirsiz ötüşməyəcək”.

Politoloq qeyd edib ki, irimiqyaslı müharibə ssenarisi ilk növbədə Rusiyada yaşayan türk xalqlarına təsir edəcək:

“Rusiya Ukrayna ilə müharibənin ilk günündən etibarən cəbhəyə daha çox qeyri-rusları, xüsusilə türkləri cəlb etmək istəyirdi. Bu həm də Putinə daxildəki subyektlərin federal hüquqlarının ləğv edilməsi prosesi baxımdan lazımdır.

Mümkündür ki, Putin yenidən bu plana əl atıb, türk xalqlarını Ukrayna müharibəsinə cəlb etsin. Bu baş tutarsa, Moskva teraktının ən böyük fəsadını məhz Rusiyadakı türklər görəcək”.

Turan Rzayev
Globalinfo.az