İrəvanın “TIR şousu”na Bakının cavabı belə olacaq: Əks aksiya ilə

“Son günlər ermənilərin manipulyasiya alətinə çevirdikləri mövzu Laçın yolu əvəzinə Ağdam-Əsgəran yolundan istifadə ilə bağlı təklifdir. Bu təklif haylarda əməlli-başlı xof yaradıb”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva ermənilərin “TIR şousu” və proseslərin ehtimal nəticələri haqda danışarkən deyib.

Onun sözlərinə görə, Qarabağdakı erməni separatçılarının tör-töküntüləri təklif səsləndirilən kimi dərhal Rusiya sülhməramlılarının dəstəyi ilə yolu beton plitələrlə bağlayaraq bir ovuc hayın orada aksiya keçirməsinə nail oldular:

“Amma Azərbaycanın dəyişməz mövqeyi ilə üzləşdikdən sonra erməni siyasi dairələri tərəfindən müxtəlif addımlar atılmağa başlandı. İlk olaraq, 19 maşından ibarət yük karvanı əvvəlcə Gorusa, oradan da Laçın yoluna istiqamət aldı. Bununla erməni tərəfi Ağdam yolundan istifadə etməyəcəklərini, Qarabağ erməniləri ilə əlaqənin Laçın yolu ilə həyata keçirilməsini istədiklərini açıq-aşkar bildirməyə başladılar.

Başlayan həm də təbliğat maşını oldu. Erməni KİV-ləri “ağlaşmalarla” bəzəndi. Aksiyanı təkcə Laçın yolunda etməyiblər, kampaniyalarının coğrafiyasını bir az daha genişləndiriblər. Erməni diasporu Brüsseldə Avropa Şurasının binası önündə Laçın postunun açılması məqsədilə aksiya keçirib, diqqəti “Qarabağda humanitar fəlakət var” iddialarına çəkməyə çalışıb”.

Politoloqun sözlərinə görə,Təklif edilən yoldan istifadə Qarabağdakı erməni icmasının inteqrasiya prosesində atılan ilk addımdır:

“Lakin belə olacağını onlar gözləmirdimi? Əlbəttə ki, Paşinyan kapitulyasiya bayrağını qaldıranda gələcəkləri məlum idi. Sadəcə “saman çöpündən yapışmağa” hələ də davam edirlər. Üstəlik, erməni siyasi dairələri prosesi baltalamaq, ləngitmək üçün aktiv fəaliyyətə keçiblər. Bu fəaliyyətdə dəstəkçiləri də az deyil. Rusiya Moskva görüşündə hər nə qədər Mirzoyanın təkliflərinə etinasız yanaşmış kimi görünsə də, görünür, görüşdən dərhal sonra praktiki addımlar atmaq qərarına gəlib. İranın da bu günə qədər tutduğu mövqe və üstəlik aksiyadan bir neçə gün öncə Mirzoyanın “ikinci vətəninə” – Tehrana səfərini də gözardı etmək olmaz. Təzəlikdə üçüncü havadar da peyda olub. “Ələkçinin qıl verəni” indi də Hindistandır. Təsadüfi deyil ki, Papukyanın Hindistan səfəri və 270 milyon dollarlıq silah tədarükün əhatə edən anlaşma imzalandıqdan sonra ermənilər sanki daha çox cəsarətləniblər.

Züriyə Qarayeva

Artıq qondarma rejim daxilində də yolu qəbul edənlər və etməyənlər parçalanması yaşanır. Separatçı birləşmələrin bir müddət baş komandanı olmuş Samvel Babayan və özünü separatçı rejimin parlament spikeri sayan, “niyəsə” istefaya göndərilən Artur Tovmasyan yeni yolu dəstəkləyənlər arasındadır. Əlbəttə ki, ermənilərin bundan sonra rahat güzəran yaşayacaqlarını anladıqları üçün deyil. Hələ ki, Prezident İlham Əliyevin qüvvədə olan amnistiya təklifinin icmayla görüş təklifi kimi yaxında qüvvədən düşəcəyini çox yaxşı bildikləri üçündür.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi, oyun bitmək üzrədir”.

Turan Rzayev
Globalinfo.az