İrəvandakı xüsusi əməliyyatda Bakı izi? – Separatçıların ofisinə basqınla bağlı inanılmaz iddia

Keçmiş qondarma rejimin “rəhbəri” Samvel Şahramanyan ötən gün separatçıların İrəvandakı ofisinə maskalı şəxslərin basqını ilə bağlı jurnalistlərə açıqlama verib. O deyib ki, basqının əsas səbəbi “artsax”dan qalan nə varsa, hamısını aradan qaldırmaqdır.

S.Şahramanyan basqından bir neçə gün öncə ona verilən maşının müsadirəsi üçün bəzi şəxslərin ofisə gəldiyini bildirib.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Samvel Şahramanyanın ofisinə maskalı şəxslərin basqını təəccüblü deyil:

“Ermənistan hökuməti başa düşür ki, Azərbaycanla münasibətlərin normallaşmasına mane olan əsas məqamlardan biri də “Artsax”dır. Bu baxımdan istisna etmirəm ki, Baş nazir Nikol Paşinyan, doğrudan da, “Dağlıq Qarabağ” elementlərini tamamilə unutdurmaq istəyir.

Ümumiyyətlə, Paşinyan sülhdə səmimi görünür. Çünki buna məcburdur. Amma İrəvan lazımi siyasi iradəyə malik deyil. Tamamilə kənar güclərin təzyiqi altındadır. “Gah nala, gah mıxa vurur”. Amma etiraf edək ki, Paşinyan indi əvvəlkinə nisbətən daha loyaldır. Bu, rəsmi Bakının hərbi və siyasi uğurları nəticəsində mümkün olub. İstisna etmirəm ki, Ermənistan gələcəkdə də oxşar addımlar atacaq, konstitusiyaya lazımi dəyişikliklər edəcək”.

Globalinfo.az xatırladır ki, Paşinyanın Azərbaycandan göndərilən tələbləri icra etdiyinə dair iddialar var. Erməni politoloqlar, deputatlar, siyasətçilər bu haqda vaxtaşırı fikirlər səsləndirir.

Prezident İlham Əliyev mayın 10-da Şuşada yerli sakinlərlə görüşdə demişdi ki, bir tapşırığı ilə Ermənistan Qazaxın 4 kəndini qaytardı. Bu da həmin fikirləri möhkəmlədir. Yaxın vaxtlarda bəzi separatçıların Bakının tələbi ilə həbs ediləcəkləri haqda da versiyalar mövcuddur. Bu məntiqlə yanaşdıqda, İrəvanda keçirilən son əməliyyatın Bakının tələblərindən biri olduğunu güman etmək mümkündür.

Turan Rzayev
Globalinfo.az