Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında Cenevrədə gözlənilən görüşün baş tutmaması erməni siyasi dairələrində müzakirə edilən əsas mövzulardandır.
Simonyanın daha sonra Cenevrədə verdiyi təzadlı açıqlamalar diqqət çəkib. Ermənistan tərəfi görüşün baş tutmamasını Bakının son anda qərar dəyişdirməsi kimi təqdim etməyə çalışır. Erməni spikerin son zamanlarda Azərbaycanla bağlı açıqlamaları isə birmənalı qarşılanmır, çıxışlarında Bakıya qarşı ittihamlar sezilir.
İrəvanın alınmayan görüşü ictimaiyyətə son anda ləğv olunmuş kimi təqdim etməsinə səbəb nədir? Simonyanın təzadlı açıqlamaları nəyə hesablanıb?
Globalinfo.az-a danışan politoloq Əli Mustafayev deyib ki, Azərbaycan tərəfi bu görüşə razılıq verilmədiyini öncədən bildirib:
“Belə olan halda Alen Simonyanın mətbuat xidmətinin sözügedən açıqlaması qeyri-konstruktivdir. Onsuz da Azərbaycan tərəfi məhz Simonyanın ritorikasına görə görüşdən imtina etdiyini bildirir. Bu, təkcə Simonyan ilə deyil, həm də Ermənistanın digər rəsmilərin açıqlamalarındakı qeyri-səmimi məqamlarla bağlıdır.
Qeyd edim ki, tərəflər müstəqildir. İstər Azərbaycan, istərsə də Ermənistanın nümayəndə heyəti arzuladığı halda hər hansı görüş baş tuta bilər. Nəzərə alaq ki, bu il iki dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən imtina etdi. Dünya birliyi də bunu çox sakit və təmkinli şəkildə qarşıladı. Belə olan təqdirdə Sahibə Qafarovanın da görüşdən imtina etməsində qeyri-adi nə isə yoxdur”.
Politoloqun sözlərinə görə, parlament rəhbərləri səviyyəsində müzakirə ediləcək ciddi mövzunun olmaması da görüşün baş tutmama səbəblərindən ola bilər:
“Bu məsələnin üzərindən piar aparmağa çalışmaq, yaranan qeyri-səmimi situasiya rəsmi Bakının haqlı olduğunu göstərir. Yəni öncədən imtina edilibsə, onu sanki indi olubmuş kimi təqdim etmək doğru deyil. Belə bir hərəkət tam olaraq ermənilərin xislətinə uyğundur.
Qafarova ilə Simonyan arasında artıq iki dəfə görüş olub. Əgər həmin müzakirə ümumi sülh prosesinə üçün faydalı olsaydı, bu günə qədər real nəticə əldə edərdik. Amma parlament rəhbərlərinin elə də böyük səlahiyyəti yoxdur. İndi bu məsələni belə şişirtmək məntiqsizdir”.
Turan Rzayev














