Kremlin Paşinyanı devirmək planı – Bakını hansı sürpriz gözləyir?

Rusiya-Ermənistan münasibətləri gərgin olaraq qalır. Bu, ilk baxışdan Azərbaycan üçün sərfəlidir, lakin Moskvanın Ermənistanda hərbi çevriliş etmək ehtimalı da var. Bəzi ekspertlər hesab edirlər ki, Ermənistanda hakimiyyət dəyişikliyi  bizim üçün xoş olmayan sürprizlər ortaya çıxara bilər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə pisləşir:

“Bunun müxtəlif və çoxlarına məlum səbəbləri var, amma məsələnin kökündə məhz Qərb dayanır. Qərb, xüsusilə ABŞ bütün imkanları ilə İrəvanı Moskvadan uzaqlaşdırmağa çalışır. Bu isə əslində Qərbin Cənubi Qafqazdakı təsir dairəsinin möhkəmlənməsinə çalışması kimi başa düşülməlidir.

Doğrudur, tərəflər arasında münasibətlərin gərginləşməsi müəyyən mənada bizim maraqlarımıza uyğundur. Belə ki, ehtimal hərbi əməliyyatlar zamanı Rusiya fors-postunu, daha doğrusu, əvvəlki for-postunu bu dəfə müdafiə etməyə bilər. Bu, bizə sərf edir.

Kənan Novruzov

Rusiya gələcəkdə Ermənistanda hakimiyyəti dəyişdirməyə çalışa bilər, çünki Nikol Paşinyan Prezident Vladimir Putini sözün əsl mənasında bezdirib. Hərçənd ehtimal olunan hakimiyyət çevrilişi cəhdi asan başa gəlməyəcək. Bu, Qərbin ciddi müqavimətinə səbəb olacaq. İndi Ermənistanda çox ciddi geosiyasi oyunlar, o cümlədən Qərblə Rusiya arasında mübarizə gedir. Hər iki tərəf hakimiyyətdə özünə sadiq siyasətçinin olmasını arzu edir. Ermənistana diqqətin bu qədər çox olması isə təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, rəsmi İrəvan regionun “ən zəif bəndidir”. Ona görə də bu dövlətə təsir etmək daha asandır.

Üstəgəl, Paşinyan göründüyü qədər axmaq deyil. O, dəfələrlə böhranlı vəziyyətdən çıxıb. Fikrimcə, Ermənistan baş naziri hakimiyyətinə təhlükə hiss etsə, ingilis bayrağı kimi yellənməyə davam edəcək. Bununla belə indiki məqmada Paşinyanın hakimiyyətdən getməsi bizim maraqlarımıza uyğun deyil”.

Turan Rzayev
Globalinfo.az