İrəvandan Göyçədə əməliyyat anonsu – “Ordumuz yaşayış məntəqəsinə girməyib, yüksəkliklər tutulub”

WhatsApp Image 2024 06 07 at 00.48.56

Son vaxtlar Ermənistandan səsləndirilən revanş çağırışlarına bu dəfə Göyçənin qubernatoru Karen Sərkisyan da qoşulub. O, Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandırarkən Göyçə mahalı ərazisində guya Azərbaycan hərbçilərinin olması ilə bağlı suala cavab verib. K.Sərkisyan bildirib ki, Ermənistan lazım gəlsə Azərbaycan qoşunlarının oradakı yüksəkliklərdən çıxarılması üçün başqa vasitələrə – güc yoluna əl atacaq.

Ermənistanın həmin ərazilərin qaytarılması üçün hərbi əməliyyatlara başlaması mümkündür?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, 2022-ci ilin sentyabrındakı toqquşma zamanı Azərbaycan-Ermənistan şərti sərhədində əməliyyat keçirildi:

“Bu əməliyyatın həyata keçirilməsinin əsas səbəbi Ermənistanın bir neçə istiqamətdə yüksək, strateji mövqelərdə dayanaraq Azərbaycana qarşı problemlər yaratması idi. Azərbaycanın bu yöndə dəfələrlə Ermənistana xəbərdarlıq etməsinə baxmayaraq erməni ordusu buna getmədi. Əməliyyat nəticəsində Ordumuz Bala Göyçədən tutmuş digər istiqamətlərdə irəlilədi. Burada əsas məsələ heç bir yaşayış obyektinin ələ keçirilməməsi idi. Məqsəd yüksəkliklər idi. Ermənistan indi həmin yüksəklikləri tələb edir”.

WhatsApp Image 2024 05 31 at 00.57.33

Hərbi ekspertin fikrincə, Azərbaycan sözügedən prosesi – sərhəddəki yüksəkliklərin geri qaytarılmasını həyata keçirməyəcək:

“Rəsmi Bakı həmin əraziləri qan hesabına geri aldı. Heç kim deyə bilməz ki, sözügedən bölgə Ermənistanındır. Sərhədlərdə problem var. Hansı ilin xəritəsinə əsaslanılmalı olduğu məlum deyil. Dünyada belə bir təcrübə var ki, hansısa ölkə öz sərhədləri ilə bağlı problem yarandığını düşünüb narahatlıq yaşayırsa, bufer zona yaradır. Bu ərazilər də Azərbaycan üçün bufer zonadır və oradan geri çəkilməyəcək.

Digər tərəfdən, rəsmi Bakı bildirib ki, Ermənistan işğal dövründə sərhəddə əraziləri irəli çəkərək Azərbaycan torpaqlarının bir hissəsini özünə qatmışdı”.

S.Məmmədin sözlərinə görə, Ermənistan hərbi əməliyyata cəhd etsə, Azərbaycan Ordusu üzərində uğur qazanmayacaq:

“Çünki burada ciddi şəkildə mühəndis-istehkam işləri görülüb. Heç kim qarantiya verə bilməz ki, Ermənistan sözügedən hissədə lokal əməliyyat keçirəcək və başqa istiqamətdə gedilməyəcək. Bu, Azərbaycan və Ermənistan arasında üçüncü müharibənin dalğası ola bilər”.

Bunu da oxuya bilərsiniz: Ermənistanın “ən güclü ordu korpusu” geri çəkildi – RƏSMİ

Safura Bənnayeva
Globalinfo.az