“Yaya qədər Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə ərizə təqdim edəcəklər”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” İrəvan hökumətindəki mənbələrinə istinadən çıxış edib.
Nəşr yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlcə Minsk qrupunun buraxılması üçün ilk olaraq sülh müqaviləsinin razılaşdırılmış maddələr üzrə yarımçıq şəkildə imzalanması şərtini irəli sürüb:
“Baş nazir dəfələrlə Bakıya ünvanlı şəkildə bu şərti vurğulasa da, sonradan fikrini dəyişib. Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi tələblər və son zamanlarda Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələr Paşinyanı narahat edib. Beləliklə o, tələsik şəkildə Minsk qrupu ilə bağlı fikrindən daşındı.
Həmçinin ölkənin ədliyyə naziri Srbuhi Qalyanın son açıqlamasına görə, hökumət 2027-ci ilə qədər yeni konstitusiya mətnini hazırlanmasını qarşısına məqsəd qoyub”.
Qeyd edək ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biri də ATƏT-in Minsk qrupunun buraxılması idi. Nikol Paşinyan bir neçə gün öncə İrəvanın da eyni tələblə çıxış edəcəyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az














