Bakı və Tehran arasında gizli Zəngəzur razılaşması var? – Detallar

Bakı və Tehran arasında gizli Zəngəzur razılaşması var? - Detallar

“İranda baş verən terakt sonrası Azərbaycan prinsipial, qətiyyətli mövqe sərgilədi. İsrarla hadisəni törədən şəxsin ən sərt şəkildə cəzalanmasını tələb etdi. İndiki məqamda səfirliyimizin fəaliyyətini bərpa edəcək olması Tehranın Bakı qarşısında geri çəkildiyini deməyə əsas verir”.

Bu sözləri Globalinfo.az-a politoloq Qədir Aslan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatları barədə jurnalistlərə açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, İran tərəfi bir müddət öncə cinayətkara ölüm cəzasının verildiyini elan etdi:

“Bu Azərbaycanın tələb etdiyi və icrasını istədiyi bir məsələ idi. İranın bu addımı atması münasibətlərin normallaşmasına səbəb ola bilər.

Bakı və Tehran arasında gizli Zəngəzur razılaşması var? - Detallar

Qədir Aslan

Ümumiyyətlə, İran başa düşür ki, regionda yeni reallıqlar var. Özü də bu reallıqlar fonunda Azərbaycanın çəkisi artıb. Rəsmi Bakı Tehran, hətta Moskva üçün nəfəslik rolunu oynayır. Belə ki, Qərbin sanksiyaları fonunda Azərbaycan hər iki ölkəyə də lazımdır.

Bu gün İranın qarşısında zəif Azərbaycan yoxdur. Bunu İran da bilir. Buna görə də gərginliyi yumşaltmaq istəyir. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi əməkdaşlığın genişləndirilməsi üçün şərait var. Bu baxımdan proses müsbətdir”.

Politoloq Kənan Rövşənoğlu isə deyib ki, görünür, iki ölkə arasında razılaşma var və yaxın vaxtlarda səfirlik açılacaq:

Bakı və Tehran arasında gizli Zəngəzur razılaşması var? - Detallar

Kənan Rövşənoğlu

“Lakin bunun geopolitik tərəfləri haqda danışmaq üçün çox tezdir. Ümumiyyətlə, Zəngəzur dəhlizi ilə bağlı nəsə demək çətindir. Çünki hələ nə bu tərəfdən, nə də o tərəfdən bu haqda bir açıqlama yoxdur. Sadəcə məntiqlə iddia etmək olar ki, münasibətlər razılaşdırılıb, səfirlik fəaliyyətini bərpa edir.

İranın Zəngəzurla bağlı hər hansı mövqe dəyişikliyi ilə bağlı konkret məndə hər hansı məlumat və ya müşahidə yoxdur”.

Globalinfo.az xatırladır ki, bir müddətdir, İran Azərbaycanla münasibətləri düzəltməyə çalışır. Bunun üçün hətta tərəflər arasında Zəngəzur dəhlizi məsələsində də ilkin razılaşma olub. Tehran 30 ildir dəstək verdiyi Ermənistanın geopolitik seçiminin Qərbdən yana olduğunun fərqindədir. Azərbaycan isə münasibətlərin ən gərgin vaxtında belə İran əleyhinə heç bir koalisiyaya qoşulmadı. Üstəlik, Azərbaycanın apardığı geopolitik proseslərdə İran da yer almaq istəyir. Bölgədə gedən nəhəng qlobal proseslərdən kənarda qalmamaq üçün Tehran Bakıdan gedən bütün şərtlərə demək olar ki, razılıq verib. Azərbaycan qurulmaqda olan yeni düzən vasitəsi ilə İranı da üzləşdiyi dalan vəziyyətdən çıxarmaq imkanlarına sahibdir. Tehran bir şeyin fərqindədir: Azərbaycan yeni coğrafiyalara açılan qapının sahibidir. Mərkəzi və Cənub Şərqi Asiyaya açılan nəhəng bazarda İran da özünə indidən yol açır. Və o yeni yolun ortaqlarından biri olmağa çalışır.

Turan Rzayev
Globalinfo.az