İran Ermənistanla hərbi təlimlərə başladı

İran Ermənistanla hərbi təlimlərə başladı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanının müavini, briqada generalı Vəliullah Mədəni İran və Ermənistanın sərhədyanı bölgədə birgə sülhməramlı təlimlər keçirəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.

Onun sözlərinə görə, iki gün davam edəcək təlimlər İran-Ermənistan sərhədində yerləşən Norduz bölgəsində baş tutacaq.

“Bu təlimlərdə heç bir təhlükə yoxdur, onlar tamamilə sülhməramlı xarakter daşıyır. Təlimlərin keçirilməsi üçün zəruri tədbirlər əvvəlcədən planlaşdırılıb. Bu, regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlib. Əsas məqsəd sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsidir,” – deyə general Mədəni qeyd edib.

O, həmçinin vurğulayıb ki, İranla Ermənistan arasındakı sərhədyanı bölgələr geosiyasi baxımdan strateji əhəmiyyətə malikdir. Bu baxımdan, bölgədə sabitliyin qorunması və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi xüsusi önəm daşıyır.

“Ümid edirik ki, təlimlər müəyyən olunmuş hədəflərə uyğun şəkildə və vaxtında tamamlanacaq,” – deyə o əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az